Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlıqla bağlı fakültələrin qrup nümayəndələri ilə məlumatlandırıcı görüşlər keçirilir.
Mühəndislik fakültəsinin qrup nümayəndələri ilə təşkil olunan görüşdə dekan Asif Quliyev, dekan müavinləri Osman Mirzəyev və Vurğun Qəhrəmanov qış imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şərait barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sessiyanın gedişinə çevik formada nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə hər sessiyada olduğu kimi Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.
Görüşdə tələbələrin biliklərinin qiymətləndirilməsi, cavab kağızlarının düzgün və aydın doldurulması, o cümlədən təkrar imtahanlar, sessiya müddətində nizam-intizam qaydalarına ciddi əməl olunması və s. məsələlərə də toxunulub, həmçinin tələbələrin imtahanlarda diqqət etməli olduqları digər məqamlar nəzərə çatdırılıb.
Sonda qrup nümayəndələrini maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi