Bakı Mühəndislik Universitetində (BMU) Step İT Akademiyasının proqramlaşdırma üzrə mütəxəssisi Namiq Rəsullunun təqdimatında “Proqramlaşdırmada ilk addımlar” adlı tədbir keçirilib.
BMU Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən "Techno klub”un təşkil etdiyi tədbirdə əvvəlcə İnformasiya və kompüter texnologiyaları fakültəsinin THİK üzrə nümayəndəsi Elmir Həsənli “Kibertəhlükəsizlik”, “Techno” klublar haqqında iştirakçılara geniş məlumat verib. Bildirib ki, fakültədə yeni yaradılan bu klublar tələbələrin asudə vaxtlarının səmərəli təşkilində, yeni texnoloji bacarıqlara yiyələnmələrində mühüm rol oynayır.
“Techno klub”un layihələr üzrə meneceri Mehdi Tarverdiyev isə nəzərdə tutulan işgüzar müzakirələr, mentorluq proqramları, texnologiya sahəsində mütəxəssislərlə birgə keçiriləcək təlimlər barədə məlumatları tələbələrin diqqətinə çatdırıb. O, proqram və təlimlərin özünüinkişafa təsirini vurğulayaraq tələbələri belə imkanlardan yararlanmağa çağırıb.
Sonra təlimçi Namiq Rəsullu proqram təminatının yaradılması, proqramlaşdırma dili vasitəsilə qurulmuş alqoritmlər mövzusunda çıxış edib. Proqramlaşdırmada ilk addımların nədən ibarət olduğunu anladan təlimçi bu sahənin əhəmiyyətinə dair məqamlara toxunub.
Tədbirdə tələbələri maraqlandıran məsələlərə də aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi