Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji təcrübəyə göndərilməsi ilə bağlı görüşlər təşkil olunub.
Fakültənin dekanı, dosent Elşad Abdullayev tədris prosesində pedaqoji təcrübənin əhəmiyyətindən danışıb, tələbələrə tövsiyələrini verib. Bildirilib ki, tədris dilinin ingilis dili olması nəzərə alınaraq, bütün tələbələrin pedaqoji təcrübəsi beynəlxalq və özəl liseylərdə təşkil edilib. Belə ki, tələbələr Azərbaycan Britaniya Kolleci (ABC), XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Landau məktəbi, Zirvə liseyi, CELT Kolleci, İdrak liseyi, İstanbul liseyi və Hədəf liseyində pedaqoji təcrübədə olacaqlar.
Əvvəlki illərin məzunlarının bəzilərinin pedaqoji təcrübədən sonra həmin məktəblərdə işlə təmin olunmasını da nəzərə çatdıran dekan hər kəsə uğurlar arzulayıb.
Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov, Riyaziyyat kafedrasının müdiri, professor Rakib Əfəndiyev, Kimya-biologiya kafedrasının müdiri, dosent Elmar İmanov, Riyaziyyat və İnformatika kafedrasının müdiri, dosent Hümbət Əliyev, Fizika kafedrasının müdiri, dosent Razim Bayramlı və fakültənin müəllimi Nərmin İbrahimova da çıxış edərək, tələbələri təcrübənin mahiyyəti, həmçinin qaydaları ilə tanış ediblər. Çıxışlarda təcrübə müddətində davamiyyət və məktəbin daxili nizam-intizam qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.
Görüşdə təcrübə ilə bağlı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, pedaqoji təcrübə 16 fevral-24 may tarixlərini əhatə edəcək.
İctimaiyyətlə əlaqlər şöbəsi