Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün PAŞA Kapital İnvestisiya Şirkətinin nümayəndələri tərəfindən “PAŞA Kapital təcrübə proqramı” ilə bağlı maarifləndirici seminar keçirilib.
BMU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Həzi Qasımov təcrübə proqramının tələbələrin gələcək karyeraları üçün yararlı olacağını bildirib.
Daha sonra adıçəkilən şirkətin İnsan resursları üzrə biznes və tərəfdaş şöbəsinin əməkdaşı Təhminə Mehtiyeva, Daxili və xarici bazarlarda ticarət əməliyyatları departamentinin əməkdaşı Elçin Məmmədov, Marja ticarətinin idarə edilməsi şöbəsinin nümayəndəsi Əli Babazadə çıxış ediblər.
Çıxışlarda tələbələrə PAŞA Kapital İnvestisiya Şirkəti və qeyd olunan təcrübə proqramı haqqında geniş məlumat verilib. Bildirilib ki, cari ilin iyul və avqust aylarında baş tutacaq ödənişli təcrübə proqramı ali təhsil müəssisələrinin tələbələri, əsasən İqtisadiyyat, maliyyə və biznesin təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Bu proqrama qatılmağın üstünlüklərindən də danışılıb və vurğulanıb ki, tələbələr, istər yerli kapital bazarları, istərsə də xarici maliyyə birjaları üzrə müştərilərlə iş prosesinin praktiki iştirakçısı olmaq, eyni zamanda bu sahədə analitik biliklərini inkişaf etdirmək imkanı qazanacaqlar.
Təcrübə proqramında iştirak haqqı əldə etmiş namizədlər “Daxili və xarici bazarda vasitəçilik (brokerage)” və “Marja ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” sahələri üzrə nəzəri biliklərini praktikada tətbiq edəcək və ölkənin aparıcı investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olacaqlar. Proqramın sonunda tələb olunan şərtlərə cavab verən tələbələr işlə təmin ediləcəklər.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi