Bakı Mühəndislik Universitetində (BMU) Texnopark və İnnovasiya Mərkəzi, həmçinin İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə növbəti “UniTalks” görüşü keçirilib.
Görüşdə İnnovasiyalar Agentliyinin, Startaplara dəstək və akselerasiya şöbəsinin aparıcı mütəxəssisi Camal Ağayev və “Barama” Akselerasiya Mərkəzinin koordinatoru Zaur Ünsizadə təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda İnnovasiyalar Agentliyi tərəfindən yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərildiyi, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləndiyi, innovativ layihələrin, o cümlədən startapların stimullaşdırıldığı bildirilib. Eyni zamanda, “Barama” haqqında ətraflı məlumat verilib, texnologiyaların gələcəyə təsiri və yeni iş imkanlarından söhbət açılıb.
Sonra BMU-nun İnnovasiyalar Mərkəzinin müdiri Elçin Yusubov, həmçinin universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi və İnnovasiya Agentliyində təcrübə keçən Fidan Fərzəliyevanın yaxından iştirakı ilə tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi