Bakı Mühəndislik Universitetində (BMU) kristalloqrafiya, kristallar fizikası, xüsusilə bərk mühitdən monokristallar yetişdirilməsinə dair növbəti elmi seminar keçirilib.
Seminarda BMU-nun Fizika kafedrasının müdiri, dosent Razim Bayramlı “Optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqi üsulu” mövzusunda məruzə ilə çıxış edib.
Natiq optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin təyini məqsədilə kristal böyüməsinin morfologiya və kinatikasının tədqiqi üçün təklif edilən yeni üsulun mahiyyəti barədə məlumat verib.
Məruzədə optik mikroskop vasitəsilə maye fazadan kristallaşma prosesi və kristal səthinin otaq temperaturunda tədqiqi, xüsusi konstruksiyalı qızdırıcı ilə təmin olunmuş optik polyarizasiya mikroskopunda kristal rüşeyiminin yaranması, böyüməsi prosesi, bu prosesə kristal defektlərinin təsiri, polimorf çevrilmənin fiziki mahiyyəti kimi məsələlər vurğulanıb. Eyni zamanda qeyd olunanlara dair videomateriallar nümayiş etdirilib, nümunələr üzərindən yeni üsulun mahiyyəti açıqlanıb.
Seminar məruzə ilə bağlı müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi