Bakı Mühəndislik Universitetində (BMU) 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib.
Tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyan tədbirdə əvvəlcə narkomaniyanın ağır fəsadlarından bəhs edən “Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə bütün dünyada bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə sayılan və qlobal miqsaylı problemə çevrilən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətindən söz açıb. Prorektor ümummilli lider Heydər Əliyevin fərmanı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası”nın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın qəbul edildiyini diqqətə çatdırıb.
Bayram Hüseynzadə bildirib ki, narkotiklərlə mübarizə istiqamətində qlobal əməkdaşlığı dəstəkləyən Azərbaycan bununla bağlı bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalayıb, eyni zamanda ölkədə mübarizə tədbirlərinin təmin olunması sahəsində fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb. Bu istiqamətdə fəaliyyətin səmərəli təşkili məqsədilə dövlət orqanları və ictimai birliklərin birgə əməkdaşlığının vacibliyinə diqqət çəkən prorektor ali təhsil müəssisələrinin də bu yöndə üzərinə məsuliyyət düşdüyünü vurğulayıb. Bu aspektdən BMU-da müvafiq sahədə görülən təbliğat işlərinə və maarifləndirici tədbirləri sadalayan prorektor gənclərin sağlam ruhda yetişdirilməsinin, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılmasının əsas prioritetlər sırasında yer aldığını bildirib. Ali təhsil ocağında hər gəncin, tələbənin qayğı və problemlərinə həssaslıqla yanaşıldığını, indiyə qədər narkomaniya ilə bağlı hər hansı faktın qeydə alınmadığını deyən Bayram Hüseynzadə çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa səsləyib.
Sonra BMU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev geniş məruzə ilə çıxış edib. Məruzəsində qlobal miiqyasda cəmiyyətin inkişafı üçün ciddi təhdid, həmçinin təhlükə yaradan problemin köklərinə və ona qarşı aparılan mübarizə tədbirlərindən söz açan dosent daha əvvəl tibbdə istifadə olunan narkotik vasitələrin zamanla öz təyinatından çıxaraq, zərərli vərdişlərin önündə gələn bəşəri bəlaya çevrildiyini qeyd edib. B.Dədəyev Azərbaycan ailə modelinə yad olan, buna baxmayaraq ölkəmizə də ayaq açan problemə qarşı mübarizə tədbirlərinə diqqət çəkərək, gənclər arasında maarifləndirmə və təbliğat işlərinin davam etdirilməsinin vacibliyinə toxunub.
BMU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova ölkə gənclərinin sağlam ruhda yetişdirilməsi üçün bu istiqamətdə təşkil olunan görüşlərin böyük fayda verdiyini bildirib. TGT sədri gəncləri ətraflarında rast gəlinə bilən neqativ hallara qarşı daha diqqətli olmağa, eləcə də zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərlərin acı fəsadlarına qarşı birgə mübarizəyə çağırıb.
Tədbir mövzu ətrafında müzakirələrin aparılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi