BMU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Sən varsansa, həyat var” adlı tədbir keçirilib

13 Aprel 2023
BMU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Sən varsansa, həyat var” adlı tədbir keçirilib

Bakı Mühəndislik Universiteti (BMU), “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə BMU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Sən varsansa, həyat var” adlı tədbir keçirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra çıxış edən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə ümumbəşəri problemin törətdiyi ciddi fəsadlara, eyni zamanda ölkələrin birgə mübarizədə səylərini birləşdirdiyi bu qlobal bəlaya qarşı Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinə diqqət çəkib.

Ölkəmizdə bu istiqamətdə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazasının tamamilə təkmilləşdirildiyini vurğulayan prorektor hələ 1996-cı ildə ulu öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını vurğulayıb. Bu Fərmanla problemin həlli istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu deyən Bayram Hüseynzadə narkotiklərlə mübarizə istiqamətində qlobal əməkdaşlığı dəstəkləyən Azərbaycanın bununla bağlı bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzaladığını diqqətə çatdırıb, ölkəmizdə mübarizə tədbirlərinin təmin olunması sahəsində fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazasının yaradıldığını bildirib.

Bayram Hüseynzadə dövlət səviyyəsində atılan addımların məntiqi nəticəsi kimi, Azərbaycanın narkomaniya ilə mübarizədə ciddi nəticələr əldə etdiyini, ölkəmizin bu sahədə nümunəvi ölkələr sırasında yer aldığını deyərək, müvafiq statistik göstəricələrə toxunub.

Gənclər arasında sağlam həyat tərzinin təbliği sahəsində BMU-da görülən işlərlə bağlı tədbir iştirakçılarını məlumatlandıran prorektor çıxışında narkomaniyanın bəşəriyyət qarşısında yaratdığı ciddi təhdidlər, ictimai təhlükəliliyi, hər bir ölkədə cəmiyyətin intellektual potensialının geriləməsinə səbəb olduğunu, genefondun məhv edilməsinə yol acdğını söyləyib. Bayram Hüseynzadə bu problemə qarşı mübarizədə dövlət, qeyri-dövlət və ictimaiyyətin birgə əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Sonra “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə alaraq, sağlam həyata dönmüş keçmiş narkotik istifadəçilərinin fikirlərinə və açı təcrübələrinə əsaslanan videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişindən sonra “Sən varsansa, həyat var” layihəsinin rəhbəri Vəsilə Möhsümova “Zərərli vərdişlər-narkomaniya, zorakılıq, qeyri-sağlam həyat tərzinə yox deyək” devizi altında rellaşdırılan layihənin amalı, hədəfi, cəmiyyət üçün əhəmiyyəti haqda ətraflı məlumat verib.

Daha sonra çıxış edənlər- Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının I vitse-prezidenti, DİFAİ Futbol Klubunun prezidenti Asəf Məlikov, təhsil eksperti Adil Vəliyev, “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, Mərkəzin proqram rəhbəri Məmmədrza Qafarov, Mərkəzin konsultantı Rüfət Əhmədov, aparıcı mütəxəssisi Rövşən Qaragözov mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışlarda narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, cəmiyyət üçün törətdiyi real təhlükələr, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində aparılan müasir müalicə tədbirləri, anti-narkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsin vacibliyi və s. vurğulanıb.

Tədbir tələbələrin suallarının cavablandırlması ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər