Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyasının (YAP) Xırdalan şəhər 40 saylı ərazi partiya təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Müstəqilliyimizi əbədiləşdirən görkəmli dövlət xadimi” mövzusunda konfrans keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Ümummilli Liderin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı film nümayiş etdirilib.
Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz tarixi xidmətləri, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyi dövründə xilasedici missiyası haqda geniş danışıb. Rektor dahi şəxsiyyətin həyatını bütünlüklə xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılması və inkişaf etdirilməsinə, həmçinin dövlət suverenliyinin gücləndirilməsi və iqtisadi potensialının yüksəlişinə həsr etdiyini vurğulayıb.
Havar Məmmədov bildirib ki, xalqının ən çətin günlərində hər zaman onun yanında olan Ulu Öndər gələcəyə istiqamətlənmiş uzaqgörən, müdrik siyasəti və səriştəli rəhbərliyi nəticəsində qəti addımlar ataraq, kompleks inkişaf proqramlarının, geniş islahatların həyata keçirilməsinə nail olub, dövlətçiliyimizin sarsılmaz əsaslarını yaradıb.
Rektor bütün sahələrin inkişafını daim diqqətdə saxlayan Ümummilli Liderin elm və təhsil sistemində həyata keçirdiyi böyük işlərdən, xaricdə təhsil əsasında yeni mütəxəssislər ordusunun məhz azərbaycanlı kadrlar hesabına formalaşdırlması istiqamətində apardığı yorulmaz fəaliyyətdən söz açıb.
Bu gün Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi yolla qətiyyətlə addımladığını deyən Havar Məmmədov xalqın yaddaşında əbədiyyət qazanan dahi şəxsiyyətin bütün arzu və ideyalarının, eyni zamanda demokratik, hüquqi, dünyəvi və qüdrətli dövlət quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin böyük əzmlə həyatının bütün mərhələlərində ölkəmizin davamlı inkişafı naminə çalışdığını diqqətə çatdırıb, son yarıməsrlik tarixdə əldə etdiyimiz nailiyyətlərin müəllifinin Ulu Öndər olduğunu bildirib. Özünün gənc yaşlarında əmək fəaliyyəti ərzində Ulu Öndərlə görüşlərdəki xatirələrini tədbir iştirakçıları ilə paylaşan Abdin Fərzəliyev zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, dövlətimiz qarşısında xidmətlərinin daha dərindən dərk edildiyini vurğulayıb.
İcra başçısı çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin, şanlı və parlaq qələbənin təməlinin məhz Ümummilli Liderin uzaqgörən siyasəti ilə qoyulduğunu bildirib və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin qətiyyətli iradəsi sayəsində bütün sferalarda əldə olunan mühüm uğurları, dövlət quruculuğumuzun stabil və sabit inkişafı üçün atılan addımları nəzərə çatdırıb.
Elm və Təhsil Nazirliyinin tabeliyində Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov müasir dövlətçiliyimizin əsaslarını qoyan, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin dərin siyasi və iqtisadi tənəzzüldən, həmçinin ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilası yolunda apardığı davamlı və qətiyyətli fəaliyyətindən ətraflı danışıb.
Milli dövlәtçilik məfkurəsinə hər zaman sadiq qalaraq, Vətəninin ən çətin illərində tarixi missiyanı üzərinə götürən və bu öhdəliklləri şərəflə tamamlayan Ulu Öndərin dünya siyasi arenasında danılmaz nüfuzunun təsirindən söz açan akademik 2004-cü ildən Heydər Əliyev fenomeninin titanik fəaliyyətinin tədqiqi və araşdırmaları ilə məşğul olduğunu, bu tədqiqatların “Liderlik fəlsəfəsi”, “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri”, “Ulu Öndərin neft və neft strategiyası” adlı kitablarında yer aldığını deyib.
Tədbirin sonunda YAP sıralarına daxil olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi