Mayın 31-də Bakı Mühəndislik Universitetinin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə universitetin tələbə və müəllimləri üçün “Miqrasiya və xaricdə təhsil almaq üçün beynəlxalq mübadilə proqramları” haqqında maarifləndirici seminar təşkil olunub. Seminarda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Ülvi Əliyev və Miqrasiya proseslərinin tənzimlənməsi Baş idarəsinin baş inspektoru Əli İsayevin iştirak edib.
Seminarı giriş sözü ilə açıq elan edən Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri, Arif Nəcimov tədbir iştirakçılarını salamlayıb və seminarın mövzusu, məqsədi və xaricdə təhsil almaq üçün beynəlxalq mübadilə proqramları haqqında ətraflı məlumat verib.
Daha sonra DMX-nin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Ülvi Əliyev “Azərbaycanda təhsil (Study in Azerbaijan)” adlı təqdimatla çıxış edib. O, miqrasiya qanunvericiliyi sahəsindəki yeniliklərdən, təhsillə əlaqədar ölkəyə gələn və eləcə də DMX-nin əcnəbi tələbə və müəllimlər üçün yaradılmış maarifləndirmə və iş icazəsi alabilmə imkanları haqqında məlumat verib və seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Seminarda iştirak edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov da çıxış edərək qonaqları salamlayıb və tələbələrə təhsil və beynəlxalq mübadilə proqramların əhəmiyyəti haqqında məlumat verib. M.Namazov həmçinin Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin səmərəli fəaliyyəti nəticəsində əldə olunmuş uğurlardan və şöbənin daxilində fəaliyyət göstərən əməkdaşları Avropa İttifaqının Erasmus+ KA1 mübadilə proqramının əlaqələndirici şəxsi Nərmin Ələkbərova, Türkiyənin Mevlana mübadilə proqramının əlaqələndirici şəxsi Nərmin Həsənli və Əcnəbi tələbələrin universitetə cəlb olunmasına məsul olan Həcər Kəlbiyevanı seminar iştirakçılarına təqdim edib.
Seminarda çıxış edən BMU-nun 2018-ci il məzunu Şəfəq Vəliyeva məzun olduqdan sonra xarici ölkədə magistr təhsili almaq və ölkəsinə qayıdıb öz ixtisası üzrə çalışmaq məqsədindən danışıb, həmçinin BMU-nun tələbələrinə bir neçə tövsiyyələrini də verib. Qeyd edək ki, Ş.Vəliyeva bu ilin may ayında qazandığı bir neçə beynəlxalq təqaüdlər içərisindən Avropa İttifaqının maliyyələşdirdiyi “PETaL EMJMD” Erasmus Mundus Birgə Magistr Dərəcə proqramının təqaüdünü seçib. Qazandığı təqaüdə müxtəlif ölkələrdən müraciət etmiş və qalib olan 15 təqaüdçüdən və onların içərisində olan 2 Azərbaycanlı tələbədən biridir. O, “PETaL EMJMD” magistr proqramı çərçivəsində 3 fərqli universitetdə (Portuqaliyanın Lizbon Politexnik Universitetində, İspaniyanın Kordoba Universitetində və Türkiyənin Mərmərə Universitetində) təhsil alacaq.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və DMX-nin əməkdaşları ilə BMU arasında gələcəkdə ortaq layihələrin hazırlanması imkanları müzakirə olunub.