Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində Logistika Klubu tərəfindən “Logistikanı kəşf et” adlı təlim təşkil olunub.
Tədbirin məqsədi tələbələrin logistika sahəsində nəzəri və praktiki biliklərini artırmaq, onları peşəkar təcrübə ilə tanış etmək olub.
BMU-nun Mühəndislik fakültəsinin dekanı Asif Quliyev universitetdə keçirilən belə təlimlərin tələbələrin peşəkar inkişafına töhfə verdiyini bildirib və “Logistikanı kəşf et” tədbirinin bu baxımdan əhəmiyyətini vurğulayıb.
Logistika və nəqliyyat kafedrasının müdiri Bəxtiyar Namazov isə logistika sahəsində qlobal tendensiyaların, müasir texnologiyaların sözügedən sahəyə təsirini və tələbələrin bu istiqamətdə biliklərini praktik bacarıqlarla gücləndirməsinin önəmini diqqətə çatdırıb.
Çıxışların ardınca beynəlxalq logistika, satış, marketinq, biznesin inkişafı üzrə peşəkar mütəxəssis Arif Salahov təqdimatla çıxış edib. O, logistika, gömrük və beynəlxalq yükdaşımaları, həmçinin satış, biznesin inkişafı, rəqəmsal marketinq, CRM və keyfiyyətə nəzarət mövzularını əhatə edən praktiki və nəzəri bilikləri tələbələrlə bölüşüb. Təlimçi, həmçinin sahənin müasir çağırışları və əmək bazarındakı tələblər barədə danışaraq bu istiqamətdə inkişaf üçün gərəkli tövsiyələr verib.
Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılıb. Fərqlənən tələbələr sertifikatla təltif olunublar.
İctimaiyyətlə əlaqələr şöbəsi