Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyasının Azərbaycanda rəsmi təmsilçisi olan “Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası” İctimai Birliyi tərəfindən nəqliyyat ixtisasları üzrə təhsil alan tələbələr üçün seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazov logistika və nəqliyyat ixtisaslarının müasir dövrdə artan əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşməklə Avropa ilə Asiya arasında əsas nəqliyyat dəhlizi rolunu oynayır və dünyanın əksər ölkələrində fəaliyyət göstərən iri nəqliyyat-logistika şirkətləri, ümumilikdə transmilli kompaniyalar üçün böyük maraq kəsb edir. B.Namazov bu cür seminarların keçirilməsinin tələbələrin mütəxəssis kimi yetişməsində mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası”nın sədri Kamran Həbibov öncə qurumun fəaliyyət sahələrinə toxunub. O, məruzəsində nəqliyyatın regionumuzda müasir inkişaf istiqamətlərinə, mövcud problemlərə geniş yer ayırıb.
Digər məruzəçi, adıçəkilən assosiasiyanın idarə heyətinin üzvü, “U.F.E. Shipping” MMC-nin baş direktoru Elmir Poladov rəhbərlik etdiyi şirkət haqqında tələbələrə zəruri informasiyaları çatdırıb. E.Poladov yüklərə ekspeditor müşayiəti, yükün hərəkəti haqqında hesabat, yüklərin daşınması üçün ən optimal və sərfəli marşrut axtarışı, fors-major şərait yarandıqda marşrutların vəziyyətə uyğun tənzimlənməsi, daşınma zamanı yükün təhlükəsizliyinin təmin olunması və s. kimi mövzularda çıxış edib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi