Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat fakültəsində “Layiqli əmək və iqtisadi artım” mövzusunda elmi-metodik seminar təşkil olunub.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci (Layiqli əmək və iqtisadi artım) istiqamətə uyğun olaraq keçirilən tədbirdə fakültənin professor-müəllim heyəti və Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.
İqtisadiyyat kafedrasının müəllimi Lamiyə Əliyeva “Azərbaycanda emiqrasiya meyilliliyi və fərdi həyat məmnuniyyəti arasında əlaqənin emprik təhlili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ölkədə miqrasiya proseslərinə təsir göstərən sosial-iqtisadi amillər, fərdi rifah səviyyəsinin qiymətləndirilməsi və əmək bazarının dayanıqlılığının artırılması yolları elmi əsaslarla təhlil olunub.
Seminar iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıb, elmi nəticələrin iqtisadiyyatın dayanıqlı inkişafına və insan resurslarının səmərəli istifadəsinə töhfə verəcəyini bildiriblər. Eyni zamanda elmi-metodik seminarların tələbələrin tədqiqat bacarıqlarının inkişafına, fakültədə elmi mühitin gücləndirilməsinə və yeni ideyaların formalaşmasına müsbət təsiri vurğulanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi