BMU-da “İnkişaf marafonu” adlı təlim

05 Noyabr 2024
BMU-da “İnkişaf marafonu” adlı təlim

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “İnkişaf marafonu” adlı təlim keçirilib.

TGT-nin sədri Canel Xəlilov tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən təlimin gənclərin inkişafı, onların karyeralarında müsbət dəyişikliklər yaratmaq məqsədilə təşkil olunduğunu bildirib.

Avropa Flensburg Universitetinin məzunu, “Apply-Uni” və “Qolatofficial” platformalarının təsisçisi Səid Bağırov tədbirin ilk təlimçisi kimi gənclərə özlərini tanıma və fərdi inkişaf metodlarını göstərərək motivasiya mənbələri ilə uğurlu karyera istiqamətini seçməyi öyrədib.

Digər təlimçi, dövlət və özəl sektorda təcrübəsi olan hüquqşünas və sahibkar Vüqar Cabbarov  isə transformasiyanın şəxsi və peşəkar həyatda necə inkişaf, o cümlədən uyğunlaşma yaratdığını tələbələrə izah edib. Öz karyera təcrübəsində qazandığı ardıcıl uğursuzluqları sadalayan natiq bildirib ki, insanın dinləmə mədəniyyətinin yüksək olması, müxtəlif auditoriyalarda məhz dinləyərək öyrəndikləri hədəflərinə çatmaqda ona yardımçı olur.

Sonra iqtisadiyyat üzrə mütəxəssis Sakit Səmədov gənclərə sahibkarlıqda qarşılaşdıqları maneələri aşmaq və biznes strategiyaları yaratmaq üçün uğurlu təcrübələri anladıb. Mütəxəssis vurğulayıb ki, insan həyatında mücadiləsiz nailiyyət yoxdur, bu baxımdan hər bir iş üçün mübarizə aparmaq, uğur qazanmaq  naminə planlı olmaq, çətin görünəni asan etmək üçün, sadəcə cəsarətli addımlar atmaq lazımdır.

Təlimdə öz uğur hekayəsini tələbələrlə bölüşən Harvard Universitetinin məzunu, “Shane Academy Azerbaijan”ın təsisçi-direktoru Jalə Bəhrəmova xarici dil biliklərinin peşəkar və şəxsi inkişafda rolunu vurğulayıb, habelə beynəlxalq iş imkanları, xaricdə təhsil barədə zəruri məlumatları gənclərin diqqətinə çatdırıb.

Təlim zamanı tələbələri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb. 

Sonda fəallıq göstərən tələbələrə təlimçilər tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər