Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının təşəbbüsü ilə Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirilib.
Görüşün təşkil olunmasında əsas məqsəd ali təhsil ocağı il yaxından tanışlıq, müəyyən məsələlərin birgə müzakirəsi, həmçinin müəllimlərlə valideynlər arasında iş birliyinin daha da gücləndirilməsi olub.
Memarlıq və dizayn kafedrasının laborantı Azər Abbasov və Dizayn ixtisasının I kurs tələbəsi Mehin Şükürovanın moderatorluğu ilə baş tutan tədbirdə öncə kafedranın fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov valideynlərlə belə görüşlərin ənənəvi olaraq keçirildiyini, mövcud pandemiya səbəbindən bir müddət təxirə salındığını bildirib. Özü haqqında məlumat verən dekan Memarlıq və dizayn kafedrasının inkişafını əməkdar memar, professor Sabir Orucovun adı ilə bağlayıb və onun ölkəmizdə yüzlərlə tikinti layihələrini həyata keçirdiyini fikirlərinə əlavə edib. Universitetdəki tədris sisteminin tam şəffaf olduğunu və burada yüksəkixtisaslı professor-müəllim heyətinin çalışdığını önə çəkən A.Əlifov tələbə-müəllim münasibətlərinə də toxunub.
Kafedranın müdiri Sabir Orucov BMU-nun mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradıldığını nəzərə çatdırıb. Valideyn-müəllim münasibətlərinin səmərəli təşkilinin əhəmiyyətini vurğulayan S.Orucov bunun tələbələrin gələcək həyatlarında vacib rol oynayacağını deyib.
Tədbir dosent Vaqif Məmmədov, baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, müəllimlər Aqil Kazımov və Zərifə Əlixanovanın çıxışları ilə davam edib. Çıxışlarda tələbələrin aktiv, çalışqan olduğu, onların əl işlərindən ibarət müxtəlif sərgilərin təşkil edildiyi vurğulanıb.
Memarlığa hələ uşaq yaşlarından bəri marağı olduğunu bildirən Memarlıq və inşaat fakültəsinin sonuncu kurs tələbəsi İlkin Quluzadə məktəb ekskursiyası zamanı BMU ilə tanışlığından bəhs edib, bu tanışlığın sonradan onun bu ali təhsil ocağını seçməsində rol oynadığını fikirlərinə əlavə edib.
Tədbirdə çıxış edən valideynlər BMU-dan razı qaldıqlarını, burada təhsilin yüksək səviyyədə olmasını, eləcə də müəllimlərin tələbələrə qayğı ilə yanaşdığını bildiriblər və bundan məmnunluqlarını dilə gətiriblər.
Görüşdən sonra valideynlər tələbələrin hazırladığı yaradıcılıq işləri ilə yaxından tanış olublar.
İctimaiyyətlə əlaqələr şöbəsi