Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) təşkilatçılığı ilə təlim keçirilib.
Açılış nitqi çıxış edən Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova son bir il ərzində mərkəz tərəfindən müxtəlif istiqamətlərdə təlimlər təşkil olunduğunu diqqətə çatdırıb. Növbəti təlimin “Google alətlərindən istifadə”nin təkmilləşdirilməsi məqsədilə keçirildiyini deyən S.İmanova bu tədbirin universitetin tyutor və laborantları üçün nəzərdə tutulduğunu fikirlərinə əlavə edib. O, təlimlərin sonunda imtahan keçiriləcəyini, nəticələrə görə iki fərqli sertifikat veriləcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov tyutor və laborantların iştirak etdiyi təlimin əhəmiyyətini vurğulayıb. Dərs qeydiyyatı, elektron jurnalların açılması kimi məsələlərə xüsusi diqqət edilməli olduğunu vurğulayan prorektor yaz semestrinin imtahan sessiyasının yaxınlaşdığını xatırladıb, bununla bağlı vacib məqamlara toxunub.
Bir çox məsələlərin həllində tyutor və laborantların aktiv rol oynadığını bildirən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə onların üzərinə böyük vəzifə düşdüyünü qeyd edib. Prorektor çıxışında universitetdaxili davamiyyət, nizam-intizam məsələlərindən söz açıb, qaydalara riayət etməyin vacibliyini nəzərə çatdırıb.
Sonra DTKTM-in mütəxəssisi Fuad Qurbanov “Google alətlərindən istifadə” mövzusunda geniş təqdimatla çıxış edib.
İnteraktiv formada baş tutan təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi