BMU-da gənclərin iştirakı ilə COP29-la bağlı forum təşkil olunub

15 Oktyabr 2024
BMU-da gənclərin iştirakı ilə COP29-la bağlı forum təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) “COP29:Yaşıl dünya naminə həmrəy olaq” adlı forum keçirilib.

Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanovun moderatorluğu ilə baş tutan tədbirdə qlobal ekoloji problemlərin ətraf mühitə təsiri, yaratdığı sosial-iqtisadi fəsadlar, yaşıl enerji və onun istixana qazlarının azaldılmasında rolu, COP29-un Azərbaycana ekoloji baxımdan qazandıracağı üstünlüklər, iqlim dəyişmələrinin su ehtiyatlarının idarə olunmasına, həmçinin Xəzər dənizinin səviyyə dəyişmələrinə təsirləri istiqamətində müzakirələr aparılıb.

Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşail İsmayılov tədbirdə çıxış edərək su ehtiyatlarına iqlim dəyişmələrinin göstərdiyi mənfi təsirləri vurğulayıb. Su təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi kimi xarakterizə edən şöbə müdiri Azərbaycanda 2024-2040-cı illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli  Starategiya”nın qəbul olunduğunu xatırladıb, sənəddə iqlim dəyişmələri fonunda ilkin mərhələdə su ehtiyatlarının idarə olunması, monitorinq sisteminin, yeni texnologiyalardan istifadənin, suyun uçotunun təkmilləşdirilməsinin, sonrakı mərhələlərdə isə  hidroböhranların qarşısının alınması, su sektoruna daha qabaqcıl texnologiyaların tətbiq olunmasının nəzərdə tutulduğunu deyib. Natiq əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su potensialından səmərəli istifadə ilə bağlı hazırda görülən işlər, eləcə də yeni su anbarlarının tikilməsi Azərbaycanın iqlim dəyişmələrinin təsirinin yumşaldılması məqsədilə atdığı addımlar sırasında dayanır.     

Sonra tullantıların effektiv idarəolunması mövzusunda çıxış edən  “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev 2030-cu ilə qədər dünyada bərk məişət tullantılarının 4 milyard tonu aşacağına və bunun ciddi risk demək olduğuna diqqət çəkib. Bildirib ki, bərk məişət tullantılarının idarə olunması təkcə atmosferə yox, yeraltı sulara, torpağa və s. mənfi təsir göstərir. Sanitar normalara cavab verən poliqonların yaradılmasının müsbət cəhətlərini sadalayan rəis müavini tullantılardan alınan qazların istilik məqsədli istifadəsini qeyd edib, qarışıq tullantılarda isə metan qazının yaranmasının qeyri-stabil getdiyini və bunun qarşısını almağın çətin olduğunu söyləyib. 

AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin alternativ enerji üzrə eksperti Orxan Kərimzadə isə istixana qazlarının atmosferə vurduğu zərərlərdən danışıb. Bildirib ki, bütün dünya artıq təhlükəni azaltmağın yolunu alternativ enerjiyə keçiddə görür. Bərpaolunan enerji mənbələrinə keçiddə dünya ölkələrinin bərabər imkanlara sahib olmadığını vurğulayan ekspert kifayət qədər külək və günəş enerjisi potensialına  malik Azərbaycanın isə bərpaolunan enerji istiqamətində uğurlu addımlar atdığını deyib.   

Forum diskussiya şəraitində işini davam etdirib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər