BMU-da “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb

28 Aprel 2023
BMU-da “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VII beynəlxalq elmi konfransı” öz işinə başlayıb. Konfransın əsas istiqamətləri mühəndislik, xarici ticarət və gömrük xidməti, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir.

Gənclərin elmə olan marağını daha da artırmağı hədəfləyən konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, təhlil etməkdir.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov hər il ənənəvi şəkildə təşkil olunan beynəlxalq tədbirin bu il əlamətdar tarixə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf etdiyini, bu baxımdan gənc tədqiqatçılar üçün ikiqat önəm daşıdığını bildirib. Prorektor elm və təhsil sahəsinə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Liderin Azərbaycan gəncliyinin milli, vətənpərvərlik ruhunda, zəngin dünyagörüşlü, savadlı kadr olaraq yetişdirilməsi üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb.

Konfransa təqdim olunan məqalələrdən söz açan prorektor bu prosesin “Konfrans Elektron İdarəetmə Sistemi” üzərindən həyata keçirildiyini söyləyib. Bildirib ki, konfransa ümumilikdə 1750-yə yaxın məqalə daxil olub və onların arasından 650-yə yaxın məqalə Təşkilat Komitəsi tərəfindən qəbul edilib. Bundan başqa, konfransa Türkiyə, Rusiya, Amerika, Macarıstan, İtaliya, Özbəkistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə daxil olub. Ölkəmizin 40-a yaxın universitetindən və AMEA-nın əksər institutlarından gənc tədqiqatçılar konfransa öz tezislərini göndəriblər.

DGKA-nın elmi işlər üzrə rəis müavini Cəmilə Namazova Ulu Öndərin 100 illiyinə təsadüf edən konfransın əhəmiyyətini vurğulayıb, gənc tədqiqatçılara uğurlar arzulayıb. C.Namazova çıxışında təmsil etdiyi ali təhsil müəssisəsində DGK üçün yüksək ixtisaslı kadr hazırlığının aparıldığını, əməkdaşların ixtisaslarının artırılması və gömrük işi sahəsində elmi tədqiqatların həyata keçirilməsinə xüsusi diqqət ayrıldığını, bu istiqamətdə reallaşdırılan tədbirləri nəzərə çatdırıb.

AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov elmin inkişaf etdirilməsi istiqamətində gənclər üçün yaradılan imkan və onlara verilən dəstəkdən söz açıb.

Plenar iclasda BMU-nun Pedaqoji fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Hüseynova “Ümummilli lider Heydər Əliyevin multikultural Azərbaycanı beynəlxalq kontekstdə”,əsənov  DGKA-nın dosenti Mehriban Yadulla “Gömrük sərhəddində tutulan dolayı vergilərdən yayınmanın təcrid edilməsi üzrə mülahizələr”, BMU-nun doktorantı Rania Rouqqani Merzuki isə “Monokristallardan keçən sürətlənmiş elektronlar ilə antineytrinoların səpilməsi” adlı elmi məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra konfransın Təşkilat Komitəsinin sədr müavini, DGKA-nın kafedra müdiri, dosent Babək Abbasov tədbirin təşkilində informasiya texnologiyalarının rolu, “Konfrans Elektron İdarəetmə Sistemi”nin tətbiqi ilə məqalə qəbulu, konfransın elektron vasitələr üzərində qurulmuş texniki imkanları və s. haqda məlumat verib.

Panel iclasın sonunda müvafiq tezislər üzrə elmi məruzələrlə çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, ikigünlük konfransda əsas istiqamətlər üzrə 25 müxtəlif seksiyalarda məruzələr dinlənəcək.

       İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər