BMU-da “eManat” şirkətinin əməkdaşları ilə görüş keçirilib

18 Mart 2022
BMU-da “eManat” şirkətinin əməkdaşları ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “eManat” şirkətinin nümayəndələri ali təhsil ocağının Kompüter və informasiya texnologiyaları ixtisasının tələbələri ilə görüşüb.

Görüşün keçirilməsində məqsəd universitetin Kompüter və informasiya texnologiyaları  ixtisası üzrə bakalavr təhsili alan III və IV kurs tələbələrini şirkətlə, onun müvafiq proqramları ilə yaxından tanış etmək, həmçinin qurumda təcrübə proqramı keçən tələbələrə məzun olduqdan sonra iş həyatlarında dəstək verməkdir.   

Şirkətin İnsan resursları şöbəsinin rəhbəri Günel Qaçayeva təmsil etdiyi qurum haqqında məlumat verib. Şirkətin “Modenis MMC“ adı ilə yarandığını bildirən G.Qaçayeva onun 2013-cü ildə “eManat” brendi ilə Azərbaycan ödəniş bazarına daxil olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, şirkət hazırda özünəxidmət nağd ödəniş köşkləri şəbəkəsini və eManat+ elektron pul kisəsi/onlayn ödəniş platformasını idarə edir.

Şirkətin Biznesin inkişafı üzrə eksperti Azər Əkbərov “emanat.az” saytı və “eManat+” “IOS/Android” mobil tətbiqləri barədə zəruri məlumatlarla iştirakçıları tanış edib. O, istifadəçilərin nağdsız şəkildə elektron pul kisəsi və ya bank kartı hesabından müxtəlif ödənişləri tez və rahat həyata keçirə bildiklərini deyib. Bildirib ki, “eManat” ödəniş köşkləri və “eManat+“ platforması vasitəsilə 500-dən artıq xidmət təminatçısının xeyrinə kommunal xidmətlər, mobil rabitə, telefon, internet, kabel televiziyası, əyləncə, bank və s. ödənişlər etmək mümkündür.

Sonra təcrübə proqramı haqqında ətraflı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Vurğulanıb ki, təcrübə proqramı universitetlər arasında keçiriləcək və proqrama qatılacaq tələbələr şirkətin verdiyi kriteriyalara cavab verdiyi halda,  may ayının 1-dən şirkətin baş ofisində və digər müəssisələrində təcrübəyə cəlb olunacaq. Təcrübənin sonunda təşkil olunan müsabiqədən uğurla keçən namizədlər işlə təmin ediləcək.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Görüşdə BMU-nun tələbələri (Kompüter texnologiyalar ixtisasının II kurs tələbəsi Coşqun Həsənov, İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Rəfael Səlimov, İnformasiya texnologiyaları ixtisasının III kurs tələbəsi Ürfət Abbasov) şirkət nümayəndələri tərəfindən verilən suallarda aktivlik nümayiş etdirdikləri üçün hədiyyələrlə mükafatlandırılıblar.

Toplantı qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə olunması ilə sona yetib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər