Bakı Mühəndislik Universitetində (BMU) Strategiya və Keyfiyyət İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə akademik heyət üçün elmi-tədqiqat prosesinin təkmilləşdirilməsi mövzusunda təlim keçirilib.
Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova təlimin məqsədini diqqətə çatdırıb, bu tipli təlimlərin tədris prosesinin düzgün və keyfiyyətli təşkilində, eləcə də universitet müəllimlərinin elmi-tədqiqat proseslərində aktiv iştiraklarının təmin edilməsində mühüm rol oynadığını bildirib.
Sonra aidiyyəti struktur şöbə və bölmə rəhbərləri “Elektron məlumat sistemi və onun iş prinsipi”, “Elmi-tədqiqat prosesinin təkmilləşdirilməsi”, “QS Reytinq sistemi: Ali təhsil müəssisələrinin beynəlxalq reytinq sistemi və onun göstəriciləri” mövzularında təqdimatlar ediblər.
Təqdimatlarda akademik heyətin universitetin elektron məlumat sistemi ilə işləmək metodikası, elmi-tədqiqat prosesinin təkmilləşdirilməsi yolları, BMU-nun beynəlxalq reytinq sistemində yeri və ümumiyyətlə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərə çıxış şərtləri, reytinqlərin üstünlükləri, o cümlədən ali məktəblərin nüfuzunda rolu kimi məsələlər iştirakçıların nəzərinə çatdırılıb.
Kafedra müdirlərinin elektron məlumat sistemindən istifadə qaydaları, vəzifə və öhdəlikləri barədə məlumatlardan sonra təlim iştirakçılarının sualları cavablandırılıb və təklifləri dinlənilib.
İctimaiyyətlə əlaqələr şöbəsi