Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
BMU-nun rektoru, professor Havar Məmmədov qarşıdan gələn 8 noyabr Zəfər günü münasibətilə Şura üzvlərini təbrik edib. Rektor ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun düşmən üzərində qazandığı tarixi qələbədən, eyni zamanda Qarabağda və Şərqi Zəngəzurda müharibədən ötən son 1 ildə həyata keçirilən sürətli quruculuq işlərindən bəhs edib.
Sonra Havar Məmmədov iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
İclasda BMU-nun Tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucovun universitetdə kredit sisteminin tətbiqi və tədris-metodik işlərin vəziyyəti haqqında, Maliyyə və təsərrüfat işləri üzrə prorektor Elçin Zeynalovun isə qış mövsümünə hazırlıq barədə hesabatları dinlənilib.
Hər iki hesabat ətrafında geniş fikir mübadiləsi aparılıb. Mövcud problemlərin aradan qaldırılması üçün çıxış yolları müzakirə edilib və hesabatlar qənaətbəxş hesab olunub.
Elmi Şurada 2021-ci il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul edilmiş doktorant və dissertantların təhkim olunması, onların hər birinin dissertasiya mövzusunun, fərdi iş planı, elmi rəhbərinin təsdiq edilməsi məsələlərinə baxılıb. Magistratura və doktorantura şöbəsinin müdiri, professor Mahir Bəşirovun qeyd olunan istiqamətlər üzrə məlumatları dinlənilib.
Tədbirdə Elmi Şuranın katibi Nəsimi Kamalov dosent elmi adını almaq üçün BMU-nun iki əməkdaşının sənədlərinin Ali Attestasiya Komissiyasına göndərilməsi ilə bağlı müvafiq məlumatları təqdim edib. Müzakirələrdən sonra mövcud qaydalara uyğun olaraq ayrıca səsvermə keçirilib və müvafiq qərar qəbul edilib.
Daha sonra iclasda BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə gündəlikdə duran digər məsələlərlə bağlı çıxış edib. Prorektorun iclas iştirakçılarının nəzərinə çatdırdığı məlumatlara əsasən, pandemiyanın doğurduğu şərtlər nəzərə alınmaqla universitetin nizam-intizam qaydalarına bir sıra zəruri dəyişikliklər, həmçinin valideyni II Qarabağ müharibəsi əlili olan 3 tələbənin yataqxana xərclərindən azad olunması, II Qarabağ müharibəsi iştirakçısı olan 1 tələbənin isə təhsil haqqından azad edilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.
Qeyd olunan məsələlər ətrafında çıxışlar edilib, təklif və rəylər dinlənilməklə müsbət qərarlar qəbul edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi