BMU-da Elmi Şuranın iclası keçirilib

04 Dekabr 2024
BMU-da Elmi Şuranın iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası olub.

İclasda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 2024-cü ilin son ayına qədəm qoyduğumuzu, bu ilin bütövlükdə dövlətimiz üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də təhsil sistemində dinamik inkişaf əldə edildiyini vurğulayıb. Azərbaycanın cari ildə daha bir mötəbər tədbirə-BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etdiyini önə çəkən rektor ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində önəmli tədbirlərin gerçəkləşdirildiyini də bildirib. Son illərdə universitetdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıldığını, ətraf mühit strategiyası üzrə addımlar atıldığını fikirlərinə əlavə edən Yaqub Piriyev COP29 çərçivəsində açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer almasını mühüm nailiyyət kimi qiymətləndirib. Eyni zamanda, il ərzində BMU tələbələrinin müxtəlif yarışmalarda, son olaraq III Beynəlxalq Kimya Olimpiadasında müvəffəqiyyət qazandığını deyib. 

Sonra qarşıda duran əsas vəzifələrdən danışan Yaqub Piriyev iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Şurada maliyyə-təsərrüfat işləri üzrə prorektor Mikayıl Zeynalovun “Qış mövsümünə hazırlıq işlərinin vəziyyəti”, Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifovun “Memarlıq və inşaat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili”, o cümlədən Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanovanın “Strategiya və keyfiyyət təminatı şöbəsinin fəaliyyətinin nəticələri haqqında” hesabatları dinlənilib. İclasda hər üç məsələ istiqamətində geniş müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla hesabatlar qəbul olunub.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda beynəlxalq akkreditasiya, IT ixtisaslarında tədris prosesinin daha effektiv təşkili məsələlərinə toxunulub, bununla əlaqədar aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilib.

Elmi Şurada şəhid ailəsinin üzvü olan, digəri isə maddi imkanı yaxşı olmayan 2 tələbənin yataqxana xərcindən azad edilməsi, eləcə də doktorant və dissertantların fəlsəfə doktorluğu üzrə dissertasiyası, bir sıra şöbələrin yeni əsasnamələrinin təsdiqi, Məzun Assosiasiyasının yaradılması barədə rəylər dinlənilməklə müsbət qərarlar qəbul edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi   

Digər xəbərlər