Bakı Mühəndislik Universiteti (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elmi məqalə necə yazılır” adlı təlim keçirilib.
Fakültənin dekanı, dosent Mayis Əzizov elmi məqalələrin yazılması ilə bağlı təlimin əhəmiyyətini vurğulayaraq, belə maarifləndirici tədbirlərin gənc tədqiqatçıların beynəlxalq indeksli jurnallarda məqalələrinin dərci üçün böyük önəm kəsb etdiyini bildirib.
Fakültənin elmi işlər üzrə dekan müavini, dosent Fərid Cəbiyev bakalavr pilləsinin sonuncu kursunda təhsil alan və magistraturaya hazırlaşan tələbələr üçün təlimin roluna diqqət çəkib, mövzu ilə bağlı fikirlərini bölüşüb.
Sonra beynəlxalq nəşrlərdə çoxsaylı məqalələri çap olunmuş, fakültənin baş müəllimi İlkin Qasımov təqdimatla çıxış edib. Təqdimatda elmi məqalə nədir, necə yazılır, məqalənin daha səmərəli formada ərsəyə gətirilməsi üçün nələr edilməlidir kimi suallara aydınlıq gətirilib, eyni zamanda, elmi məqalənin strukturu haqqında ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi