Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün növbəti təlim keçirilib.
Şəxsi inkişaf və karyera planlaşdırması mövzusuna həsr olunan təlim Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsi, həmçinin Elm və innovasiya şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən Elm və innovasiya şöbəsinin müdiri Elçin Yusubov tədbirin əhəmiyyətli mövzunu əhatə etdiyini bildirib. O, karyera planlaşdırması barədə ətraflı məlumat verib, ölkəmizdə karyera sahəsində olan üstünlüklərə toxunub.
Tədbir Biznesin inkişafı üzrə menecer Nailə Mikayılbəylinin “Şəxsi inkişaf və karyera planlaşdırması” mövzusunda təqdimatı ilə davam edib. Təqdimatda şəxsi inkişaf və karyera planlaşdırmasının hər bir tələbənin gələcək həyatlarında vacib rol oynadığı vurğulanıb. Bildirilib ki, şəxsi inkişafın insanın özünü tanımasını, nöqsanlarını aşkara çıxararaq müəyyən olunan hədəflərə çatmasını qarşısına məqsəd qoyan, eyni zamanda insanı motivasiya edərək məqsədinə yaxınlaşdıran texnikalar və strategiyalar toplusudur.
Şəxsi inkişafın qaydalarından söz açan təlimçi hər gün kitab oxumağın, yeni dil öyrənməyin, məqsədlərini hədəfləməyin və özünə sərmayə qoymağın faydalarını önə çəkib. N.Mikayılbəyli təqdimatında karyera və onun mərhələləri, karyera məqsədlərinin müəyyən edilməsi, karyera irəliləməsində şəxsiyyət tipləri və müasir iş axtarma üsullarına da aydınlıq gətirib.
Təlim tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi