BMU-da “Dünya Pi Günü”nə həsr olunmuş məntiq yarışması keçirilib

14 Mart 2022
BMU-da “Dünya Pi Günü”nə həsr olunmuş məntiq yarışması keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Dünya Pi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərən “Pi Klubu”nun təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov (Qüdsi) məşhur Pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunan bu günün yaranma tarixi, həmçinin önəmindən söz açıb. Qeyd edib ki, BMU-da belə bir tədbirin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan marağının daha da artırılması, eyni zamanda gənc istedadların üzə çıxarılmasıdır. Tədbir çərçivəsində məntiq yarışmasının keçiriləcəyini söyləyən B.Məmmədov münsiflər heyətinin tərkibini açıqlayıb və iştirakçılara uğurlara arzulayıb.

 “Pi Klubu”nun fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunduqdan sonra klubun sədri Şəfəq Yaqubova çıxış edib. Bildirib ki, klubun məqsədi riyaziyyat sevən fərqli insanları bir araya toplamaq, eyni zamanda riyaziyyatın sıxıcı deyil, maraqlı və əyləncəli olduğunu göstərməyə çalışmaqdır. Yarandığı gündən klub tərəfindən üzvlərin davamlı şəkildə biliklərini yoxlamağa, yeni biliklər əldə etməyə həvəsini artıran müxtəlif layihələrin həyata keçirildiyini vurğulayan Ş.Yaqubova ölkənin bir çox universitetləri və məktəbləri ilə sıx əməkdaşlıq edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra “Evrika”, “Radian”, “MATRİX”, “Alliance”, “Nömrə 1”, “Prometey” komandalarının iştirak etdiyi məntiq yarışı başlayıb. Komandalarda BMU, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, eləcə də Zirvə liseyi və Nömrə 1 tədris mərkəzinin şagirdləri təmsil olunub.  

Məntiq yarışında 1, 2 və 3 ballıq 15 sual səsləndirilib. “Nömrə 1” komandası 23 balla yarışmada ilk yeri tutub.

Sonda qaliblərə, eləcə də iştirakçılara təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər