Bakı Mühəndislik Universitetində (BMU) rektor, professor Havar Məmmədovun sədrliyi ilə doktoranturaya qəbul komissiyasının iclası keçirilib.
İclasda Havar Məmmədov ölkənin yüksəksəviyyəli elmi kadr potensialının formalaşdırılması, elmi fəaliyyətin gücləndirilməsi, gənclərin elmə marağının artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatları vurğulayıb.
Elmi kadrların hazırlığı prosesində təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən söz açan rektor elmin sürətli inkişaf dinamikası və müasir dövrün tələblərinə uyğun olaraq ali təhsilin doktorantura səviyyəsinə qəbul zamanı ixtisaslar sırasında yeni istiqamətlərin yer almasına, yeni dövrün tələblərinə cavab verən peşəkar, savadlı kadr hazırlığının aparılmasına diqqət çəkib.
İclasda BMU-ya doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğunun qəbul komissiyası tərəfindən müəyyənləşdirilməsi zamanı qərarların obyektivlik, şəffaflıq və ədalət prinsipləri əsasında verilməsinin vacibliyini qeyd edən Havar Məmmədov iddiaçılara uğurlar arzulayıb.
BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Mahir Bəşirov qəbul qaydaları və şərtlərini xatırladıb, iddiaçıların dil biliklərinin yüksəldilməsinin əhəmiyyətinə toxunub.
Sonra doktoranturaya qəbul olmaq istəyən şəxslər seçdiyi ixtisaslarla bağlı komissiya üzvlərinin suallarını çavablandırıblar.
İclasda komissiya üzvləri, elmi rəhbərlərlə aparılan müzakirələrdən və ixtisas uyğunluqları yoxlanıldıqdan sonra 2023-cü ildə BMU-ya sənəd vermiş 13 doktorantın növbəti mərhələyə - imtahanlara buraxılması haqda müvafiq qərarlar verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi