BMU-da distant təhsillə bağlı təlim keçirilib

06 Noyabr 2024
BMU-da distant təhsillə bağlı təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) müəllimlər üçün distant (məsafədən) təhsillə bağlı təlim təşkil olunub.

Təlimdə Strategiya və keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova Azərbaycanın evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə bütün orta və ali təhsil sisteminin 14-22 noyabr tarixləri arasında distant təhsilə keçəcəyini xatırladaraq, təlimin müəllimlərin onlayn təhsil bacarıqlarını artırmaq, prosesə tam hazırlıq məqsədi daşıdığını bildirib.

Sonra şöbənin baş mütəxəssisi Fuad Qurbanov Google Meet təhsil platformasının məzmunu, burada dərslərin təşkili qaydaları haqqında geniş məlumat verib.

Təlimdə dərslər üçün yaradılmış linklərin, həmçinin tələbə e-maillərinin elektron təhsil platformasına yerləşdirilməsi kimi zəruri məqamlar iştirakçılara əyani izah olunub. Həmçinin BMU-nun distant təhsil təcrübəsinə malik olması, üstəlik, Google Classroom ilə bağlı keçirilmiş təlimlərdə müəllimlərin artıq müəyyən təcrübə qazanması vurğulanaraq, onlayn tədrisin uğurlu təşkil ediləcəyinə inam ifadə olunub.

Təlim sual-cavab sessiyası ilə davam edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər