Bakı Mühəndislik Universitetində (BMU) Strategiya və keyfiyyət təminatı şöbəsi tərəfindən dekan və kafedra müdirləri üçün differensial əməkhaqqı sisteminin tətbiqi ilə bağlı təlim keçirilib.
Şöbənin müdiri Sevil İmanova təlimdə çıxış edərək elmi-pedaqoji heyətin fəaliyyətini obyektiv qiymətləndirməyə xidmət göstərən differensial əmək haqqı sistemi haqqında ümumi məlumat verib. Xarici universitetlərin bu təcrübəsinin ölkəmizin bir sıra ali məktəblərində tətbiq olunduğunu, gələn ildən BMU-nun bu sistemə keçməsinin nəzərdə tutulduğunu deyən S.İmanova onun müsbət tərəflərindən danışıb, burada əsas məqsədin müəllimləri elmi tədqiqatlara təşviq etmək, onlar arasında elmi rəqabəti gücləndirmək, bütövlükdə insan kapitalının inkişafına və təhsildə keyfiyyətin artırılmasına xidmət etmək olduğunu vurğulayıb.
Sonra proqramçılar tərəfindən elektron anketin doldurulması qaydaları izah edilib. Qeyd olunub ki, elektron sistemdə hər bir müəllimin şəxsi kabineti mövcuddur, differensial əmək haqqı ilə bağlı verilmiş kateqoriyalarda elmi-pedaqoji heyət özü barədə bütün məlumatları sistemə yükləməlidir. Tətbiq edilmiş differensial əmək haqqı sistemində professor-müəllim heyətinin elmi, tədris, özünü inkişaf fəaliyyətləri müxtəlif kriteriyalar əsasında balla qiymətləndiriləcək və differensial əmək haqqı hesablanılacaq.
Təlimdə dekanlar və kafedra müdirlərini maraqlandıran suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi