BMU-da “CAMPAİGNers” layihəsi ilə bağlı tədbir təşkil olunub

16 Dekabr 2022
BMU-da “CAMPAİGNers” layihəsi ilə bağlı tədbir təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Horizon 2020” Proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsi ilə bağlı  məlumatlandırma tədbiri keçirilib.

Tədbirdə “CAMPAİGNers” layihəsinin formalaşmasına təkan verən amillərdən söz açan BMU-nun Sənaye mühəndisliyi kafedrasının dosenti İsa Qasımov qlobal məkanda iqlim dəyişikliyinin təzahürləri, mənfi təsirlərinin qarşısının alınması məqsədilə beynəlxalq təşkilatların səyi haqda geniş məlumat verib. Bu prosesin tərkib hissəsi kimi Azərbaycanda iqlim dəyişmələri üzrə milli səviyyədə fəaliyyətləri diqqətə çatdıran İ.Qasımov sözügedən layihə çərçivəsində formalaşan İşçi Qrupun tərkibində BMU əməkdaşlarının da təmsil olunduğunu bildirib.

Mövzunun aktuallığı və layihə çərçivəsində görülən işlər barədə təqdimatla çıxış edən BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Etibar Qəhrəmanov vurğulayıb ki, iqlim dəyişikliyi və onun təsirlərini tədqiqi ilə məşğul olan “CAMPAIGNers” (Məqsədlərin müəyyənləşdirilməsi şəbəkəsinin fəal şəkildə tətbiqi ilə təsirlərin azaldılması yolları üzrə hərəkət edən vətəndaşlar) tədqiqat və innovasiya layihəsidir. BMU-nun da tərəfdaşı olduğu layihə Avropa Birliyinin maliyyə dəstəyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun koordinatorluğu ilə həyata keçirilir. Qeyd edilib ki, iqlim dəyişikliyi və onun təsirləri, eləcə də bu təsirlərdən irəli gələn yeni həyat tərzinin mənimsənilməsi yolu ilə ətraf mühitin qorunmasını təşviq edən “CAMPAİGNers” layihəsinin 15 fərqli ölkədən 30-dan çox tərəfdaşı mövcuddur.

E.Qəhrəmanov layihə çərçivəsində irəli sürülən təbliğat proseslərini kütləviləşdirmək məqsədilə hazırlanan “Climate CAMPAİGNers” adlı mobil tətbiqin proqram təminatı, işləmə funksiyası, hədəfləri, iqlim dəyişikliyinə səbəb olan qazların emissiyasının ölçülməsi, həyat tərzinə edilən dəyişikliklərlə prosesə qarşı fərdi mübarizə və dəstək yolları haqda da məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər