Bakı Mühəndislik Universitetində (BMU) bp şirkətinin elan etdiyi “Tələbələrin işə qəbul, təcrübə və bp-ni kəşf et” proqramları ilə bağlı məlumat sessiyası keçirilib.
Mühəndislik ixtisaslarında təhsil alan tələbələr üçün keçirilən tədbirdə bp-nin Erkən karyera departamentinin mütəxəssisi Mehriban Şıxzamanova şirkət və onun gənclərin inkişafına yönəlik proqramları haqqında ümumi məlumat verib.
Sonra “Tələbələrin işə qəbul, təcrübə və bp-ni kəşf et” proqramlarından geniş danışan departamentin koordinatoru Nəzrin Nağıyeva şirkətin Azərbaycanda elan etdiyi ilk proqramın gənclərə yeraltı quyular, mühəndislik, sağlamlıq, təhlükəsizlik, ətraf mühit və biznes sahələrində iş və təcrübə imkanları qazandırdığını bildirib. O qeyd edib ki, proqramın kəşf həftəsində enerji sənayesindəki imkanlar haqqında məlumatlar təqdim olunur, bu isə tələbə və məzunlara bp-də mövcud karyera seçimlərini araşdırmağa əlverişli şərait yaradır.
Sessiya zamanı bp şirkətində qazandığı təcrübəni tələbələrlə bölüşən mühəndis Kamran Ələkbərov elektrik mühəndislərinin həyata keçirdiyi fəaliyyətlərdən söz açıb.
Tədbirdə proqramlarda iştirak üçün əsas tələblər də açıqlanıb və karyerasını bp ilə qurmaq istəyən savadlı, bacarıqlı gənclərə sözügedən proqramlardan yararlanmaq tövsiyə olunub.
Qeyd edək ki, bp-nin elan etdiyi proqramlara müraciətlə bağlı bütün namizədlər www.bp.com/grads/az ünvanından istifadə edə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi