BMU-da “Azərkosmos”la bağlı infosessiya təşkil olunub

13 May 2022
BMU-da “Azərkosmos”la bağlı infosessiya təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə “Azərkosmos”la bağlı infosessiya təşkil olunub.   

“Azərkosmos”un Strareji inkişaf və planlama üzrə direktoru Natavan Həsənova “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamını xatırladıb. Qeyd edib ki, ötən ilin 27 aprel tarixində ölkə Prezidentinin imzaladığı fərman əsasında “Azərkosmos” Azərbaycan Respublikasının Kosmik Agentliyi statusunu alıb.

N.Həsənova Azərbaycanda maarifləndirici layihələrin icrası çərçivəsində “Azərkosmos”un davamlı olaraq Təhsil Nazirliyinin dəstəyi ilə universitet tələbələrini cəlb edərək “CanSat Azərbaycan” tələbə model peyk müsabiqəsini təşkil etdiyini vurğulayıb. O, çıxışında ölkədə kosmik fəaliyyət sahəsində “Azərkosmos”un rolundan, Azərbaycanın milli kosmik sənayesinin tarixindən danışıb və təmsil etdiyi qurumda karyera imkanlarını nəzərə çatdırıb.

“Azərkosmos”da mühəndis vəzifəsində çalışan İlkin Alıyev kosmosun tarixi ilə bağlı təqdimatla çıxış edib. Azərbaycanın bu sahədə nailiyyətlərini, həmçinin ölkədə "Azerspace-1", "Azerspace-2" və "Azersky" adlanan 3 peykin fəaliyyət göstərdiyini qeyd edən İ.Alıyev telekommunikasiya peyklərinin uzaq məsafələrə və ucqar ərazilərə səhiyyə, tibb və təhsil xidmətlərinin göstərilməsi üçün, metereoloji peyklərin isə temperatur və dəyişikliklərin, hava çirklənmələrinin monitorinqi üçün istifadə edildiyini də bildirib.

SGAC (Space Generation Advisory Council) Azərbaycan üzrə koordinatoru Əli Məmmədov “Azərkosmos”un maarifləndirici təbdirlərin miqyasını və çeşidliliyini artırdığını, qlobal təşəbbüslərdə iştirak etdiyini, ölkədə kosmos sahəsinin təşviqini hədəflədiyini söyləyib. O, çıxışında tələbələrə Azərkosmos və onun qoşulduğu beynəlxalq təşəbbüslər barədə zəruri informasiyalar verib, maarifləndirici layihələrdən danışıb.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Sonda “Azərkosmos” və Azərbaycanda kosmonavtikanın tarixi ilə bağlı sualları düzgün cavablandıran tələbələrə kartlar təqdim olunub. Belə ki, tələbələr arzularını karta qeyd edib və möhürlənmiş zərfə yerləşdiriblər. Onların məktubları 2023-cü ildə Fransadan kosmosa göndəriləcək peykdə minlərlə arzu məktubunun içərisində yer alıb. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər