BMU-da “Azərbaycanda alman yaşayış məskəni: Helenendorf” mövzusunda elmi seminar

17 Dekabr 2024
BMU-da “Azərbaycanda alman yaşayış məskəni: Helenendorf” mövzusunda elmi seminar

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının professoru Abbas Seyidovun “Azərbaycanda alman yaşayış məskəni: Helenendorf” mövzusunda elmi seminarı keçirilib.

Əvvəlcə kafedranın müdiri Hümeyrə Mustafayeva çıxış edərək Azərbaycanda alman yaşayış məskənlərinin yaranması və onların tariximizdəki roluna dair aparılan tədqiqatları diqqətə çatdırıb. Xüsusilə ermənilərin Azərbaycanda yaşayan alman kolonistlərinə qarşı zorakı və təcavüzkar münasibətini xatırladan H.Mustafayeva elmi seminarın Azərbaycan Almaniya xalqlarının tarixi əlaqələrinin gənclərimiz tərəfindən öyrənilməsində faydalı olacağını deyib.

Sonra professor Abbas Seyidov Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq mühitinin XIX əsrin əvvəllərində buraya köçürüldükləri ilk vaxtlardan alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratdığını bildirib. Natiq bütövlükdə almanların Azərbaycana köçürülmə səbəbləri, şərtləri barədə arxiv sənədləri əsasında apardığı tədqiqatlardan danışıb. Əlavə edib ki, 1818-ci ildə Vürtemberq krallığından köçürülmüş almanlar Azərbaycan ərazisinə gələrək Annenfeld (Şəmkir) və Helenendorf (Göygöl) koloniyalarını təşkil edib, ölkəmizdə əkinçilik, taxılçılıq, bağçılıq, üzümçülük, maldarlıq kimi təsərrüfat sahələrinin inkişafında mühüm rol oynayıblar. Professor Azərbaycanda müxtəlif təyinatlı obyektlərin tikintisində fəal iştirak edən alman mühacirlərinin  II Dünya müharibəsi vaxtı Azərbaycandan Mərkəzi Asiya, Qazaxıstan və Sibirə sürgün olunmalarına da toxunub.

Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər