BMU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

31 Yanvar 2025
BMU-da Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Abşeron Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.

“Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir” adlı tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül tədbirdə çıxış edərək Gənclər Gününün təsis tarixinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bunu gənclərə göstərilən böyük diqqət və onların cəmiyyətdəki roluna verilən yüksək qiymət adlandırıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdığını deyən prorektor gənclərlə bağlı aparılan işin, xüsusilə onların enerji və imkanlarının milli maraqlarımızın müdafiəsi üçün səfərbər edilməsinin ən böyük nəticəsinin 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz olduğunu vurğulayıb. Ətrabə Gül dövlətin gənclərlə bağlı həyata keçirdiyi dövlət proqramlarından, onların təhsili, sosial müdafiəsi ilə bağlı görülən işlərdən bəhs edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində mühüm layihələr gerçəkləşdirildiyini nəzərə çatdıran prorektor bu layihələrin yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatı olduğunu vurğulayıb.

Sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bu gün ölkəmizdə bütün sahələrdə gənclərin aktiv rol oynamasının gənclər siyasətinin uğurla reallaşdırıldığının bariz örnəyi olduğunu önə çəkib. Eyni zamanda, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının Vətən müharibəsində həlledici rol oynadığını bildirib. Azərbaycan gənclərinin azad, sabitlik hökm sürən, özünə güvənən ölkədə yaşadığını sözlərinə əlavə edən Abbas Əliyev müasir gəncliyin qarşısında duran əsas vəzifələrə toxunub.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Gənclər İdman İdarəsinin rəisi Telman Kərimov və BMU Tələbə Həmkarlar İttifaqının sədri Ləman Şərifova çıxış edərək ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən gənclər siyasətindən və əldə olunan uğurlardan söz açıblar.

Daha sonra təhsildə və sosial-ictimai həyatda fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub.

Tədbir Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi bədii hissə ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər