Bakı Mühəndislik Universitetində (BMU) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş “Azerbaijani Solidarity Fest” adlı ingilis dilində maarifləndirici tədbir keçirilib.
Xarici dillər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “English Zone” klubunun birgə təşkil etdiyi tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla anılıb.
Sonra adıçəkilən kafedranın müdiri dosent Nərminə Əliyeva, layihənin rəhbəri, kafedranın baş müəllimi Sevda Hüseynova və klubun sədri Mirhüseyn Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, layihə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyəti, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, mədəniyyəti barədə BMU-da təhsil alan yerli və əcnəbi tələbələrin məlumatlılığının artırılması məqsədini daşıyır. Çıxışlar zamanı, həmçinin Azərbaycan xalqının birlik və həmrəyliyində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, uğurlu siyasəti xüsusilə vurğulanıb.
Tədbir Almaniya, Türkiyə, Çexiya, Belçika, Nigeriya, Pakistan və s. ölkələrdə yaşayan, təhsil alan soydaşlarımızın təbriki, eləcə də ingilis dilində həmrəyliyə aid “Guess the landmark” və “Q&A” adlı müsabiqələrlə davam edib. Əcnəbi tələbələrin bu müsabiqələrdə aktiv iştirakları böyük rəğbətlə qarşılanıb.
Sonda qaliblərə THİK-nin hədiyyələri təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi