Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Div Academy” proqramlaşdırma kursunun birgə təşkilatçılığı ilə “Axtarılan proqramçı olmaq üçün haradan başlayım?” mövzusunda seminar keçirilib.
“Div Academy”-nin marketinq meneceri Lala Əmiraslanovanın moderatorluğu ilə baş tutan seminarda çıxış edən “Bank Respublika”nın əməkdaşı Zaur Məmmədov peşəkar proqramçı olmaq üçün başlanğıc mərhələlər, o cümlədən bu istiqamətdə uğurlu karyeranın sirləri, qarşıya qoyulan hədəflərin reallaşdırılması və bacarıqlı mütəxəssis kimi püxtələşmək üçün tələb olunan fərdi keyfiyyətlərdən ətraflı söz açıb.
“Kapital Bank”ın “Backend developer”-i Kərim Məmmədov avtomatlaşdırılmış informasiya sistemləri (AİS) ilə bağlı tədqimatla çıxış edib. O, AİS və əsas komponentləri, həmçinin aparat təminatı, proqram təminatı, verilənlər, istifadəçilər haqda məlumat verib. Tələbələrə proqram təminatı və veb tətbiqi strukturunun modelləri müqayisəli şəkildə təqdim olunub, internet üzərindən kiçik miqdarda məlumat və ya mesajların ötürülməsi üçün protokol (SOAP), bütün mümkün SOAP sorğularını izləyən XML əsaslı veb xidmətlərini təyinatını həyata keçirmək, tapmaq üçün dil- WSDL, sənayedə “Backend” texnologiyalarının tətbiqi kimi proqramlaşdırma dilləri geniş şəkildə izah edilib.
İki sessiyadan ibarət seminarın növbəti hissəsində tələbələr arasında interaktiv oyunlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi