Bakı Mühəndislik Universitetində "Vətənpərvərlik" klubunun təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Vətən övladının alın yazısı” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Aprel şəhidlərinin valideynləri, ailə üzvləri və qazilər iştirak ediblər.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayan tədbirdə aprel döyüşlərindən bəhs edən video-çarx nümayiş olunub.
Daha sonra universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və ölkə başçısı cənab İlham Əliyevin ordumuza, şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısından danışıb. Rektor tələbələrin vətənpərvərlik ruhda tərbiyə olunmasında ali məktəblərdə belə tədbirlərin təşkilinin vacibliyini qeyd edib.
Tədbirdə iştirak edən Aprel şəhidlərinin valideynləri və ailə üzvləri çıxış edərək tədbirin təşkilinə və onlara olan diqqətə görə universitet rəhbərliyinə və tələbələrə təşəkkür ediblər.
Aprel döyüşlərinin qaziləri döyüşlərin canlı şahidi kimi Azərbaycan ordusunun qüdrətindən, ordunun ruh yüksəkliyindən və azad edilən strateji ərazilərin ordumuza qazandırdığı imkanları tələbələrin diqqətinə çatdırıblar.
Tədbirdə çıxışlarla yanaşı hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin təbliğinə dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının, universitetin əməkdaşı Vüqar Məmmədovun və tələbələrin ifasında mahnılar və şeirlər səsləndirilib.
Qeyd edək ki, "Aprel döyüşləri"nin 3-cü ildönümü ərəfəsində BMU-nun "Vətənpərvərlik" klubunun üzvləri Sumqayıt Şəhidlər Xiyabanını və Sumqayıtda yaşayan 20 yaşlı şəhidimiz Şulan Bayramovun ailəsini ziyarət ediblər.