Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində keçirilən “Bootcamp”da təmsil olunublar.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirə ümumilikdə 20-yə yaxın ali təhsil müəssisəsi qatılıb.
BMU-İNHA İDP-nin 3-cü kurs tələbələri - Nəzrin Nurulayeva ("Elektrik mühəndisliyi” ixtisası) və Hakim Musazadə (“Elektronika mühəndisliyi”) süni intellekt, data analitikası və aqrar texnologiyaların inteqrasiyası mövzularında praktiki və nəzəri sessiyalarda fəallıq nümayiş etdiriblər. Onlar, həmçinin kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə imkanı qazanıblar.
Gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması, o cümlədən azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsinə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıan “Bootcamp” çərçivəsində İDP tələbələri Qarabağ Universitetinin rəhbərliyi ilə keçirilən görüşdə də iştirak ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi