Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ili üçün Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidməti) təqaüd proqramı üzrə məlumat günü keçirilib. Tədbir DAAD Tbilisi regional Ofisinin təmsilçiləri tərəfindən təşkil olunub.
BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov tədbirdə çıxış edərək, Azərbaycan gəncləri üçün dünyanın nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi məqsədilə yaradılan şərait, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qarşılıqlı tələbə mübadiləsinin vacibliyi, DAAD-ın bu yöndə həyata keçirdiyi fəaliyyətdən söz açıb.
Tədbirdə verilən məlumatların tələbələrin gələcək elmi istiqamətlərinin müəyyənləşdirilməsində səmərəli və faydalı olacağına ümidvar olduğunu da qeyd edən prorektor çıxışında BMU tərəfindən Avropanın müxtəlif elm və təhsil müəssisələri ilə gerçəkləşdirdiyi müxtəlif layihələrdən də danışıb.
DAAD Tbilisi regional Ofisinin Azərbaycan üzrə koordinatoru Sevər Qarayeva təmsil etdiyi təşkilat haqqında ətraflı informasiyaları nəzərə çatdırıb. Bildirilib ki, qurum bu gün tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən dünyanın ən önəmli təşkilatlarından biridir.
S.Qarayeva görüşdə DAAD təqaüdlərinə müraciət prosesinin təşkili və həyata keçirilməsi, Almaniyada təhsilin keyfiyyəti, Azərbaycan üçün Almaniya tərəfindən təklif olunan təqaüdlər, proqram şərtləri, seçim qaydaları və digər məsələlər haqda məlumat verib, zəruri prosedurları izah edib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi