Bakı Mühəndislik Universitetində (BMU) İnnnovasiya və Rəqəmsal İnkişaf Agentiyinin dəstəyi ilə “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) layihəsinin icrasına başlanılıb.
“BEU Technopark” və “Yeni Fikir” MMC tərəfindən icra olunan layihə akademik fəaliyyət göstərənlərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosisteminə müəllim-mentorların hazırlanması, ekosistemə inteqrasiyası, habelə onların iştirakları ilə bazara yeni startapların qazandırılmasını təmin etmək məqsədlərini daşıyır.
Akademik sahibkar fəaliyyət göstərdiyi universitetin məlumat və resurslarını effektiv istifadə edərək yeni məhsul və ya xidmət, eləcə də innovativ texnologiyalar formalaşdıran şəxsdir.
ASSİP çərçivəsində cari və növbəti il ərzində təlimçi hazırlığı - TOT, hakaton və inkubasiya proqramlarının keçirilməsi nəzərdə tutulub. Növbəti il gerçəkləşdiriləcək təlimçi hazırlığı proqramında BMU ilə yanaşı, digər universitetlərin də müəllimləri iştirak edə biləcəklər. Hazırda isə BMU-nun 30-dan çox müəlliminin iştirak etdiyi TOT proqramı icra olunur. Proqram çərçivəsində Türkiyənin bu sahə üzrə mütəxəssisləri və yerli peşəkarlar tərəfindən təlimlər təşkil edilir.
İctimaiyyətlə əlaqələr şöbəsi