Bakı Mühəndislik Universitetində (BMU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə icra edilən “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya proqramı” (ASSİP) çərçivəsində “TOT” (Training of Trainers-təlimçi hazırlığı) təlimləri başa çatıb.
Türkiyədən dəvət olunmuş peşəkar təlimçilər Murat Özanlar və Ekrem Aydın, həmçinin BMU Texnoparkının direktoru İsa Qasımovun keçdiyi təlimlərdə universitetin 30-dan çox müəllimi iştirak edib.
İştirakçılara bilik iqtisadiyyatının tələbləri, xüsusilə 3-cü nəsil universitetlərin məqsədləri və formalaşdırdığı əlavə dəyər kontekstində təlim və mentorluq xidmətləri təşkil olunub.
Təlimlər zamanı innovasiya prosesində təhsil və tədqiqat fəaliyyətlərinin rolu, texnologiyaların transferi və elmin kommersiyalaşdırılması işində metodoloji, praktiki imkanlar, universitet-sənaye əməkdaşlığının müasir yolları, tədqiqat və inkişaf proseslərində startap yanaşması, əqli mülkiyyət, inkubasiya xidmətləri, investisiya və şirkətləşmə kimi əhəmiyyətli istiqamətlər qlobal, o cümlədən yerli nümunələrin timsalında izah edilib.
“TOT” təlimlərini başa vuran iştirakçılar biliyin ölçülməsi məqsədilə tətbiq olunan imtahan nəticələri, eləcə də qazanılan bilik və bacarıqlara əsasən təqdim etdikləri fəaliyyət planlarının qiymətləndirilməsinə əsasən “mentor-müəllim” sertifikatına layiq görüləcəklər.
Qeyd edək ki, “BEU Technopark” və “Yeni Fikir” MMC tərəfindən icra olunan ASSİP layihəsi akademik fəaliyyət göstərənlərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi yolu ilə innovasiya ekosisteminə müəllim-mentorların hazırlanması, ekosistemə inteqrasiyası, habelə onların iştirakları ilə bazara yeni startapların qazandırılmasını təmin etmək məqsədlərini daşıyır.
İctimaiyyətlə əlaqələr şöbəsi