BMU-da ACCA-in nümayəndələri ilə görüş keçirilib

24 İyun 2022
BMU-da ACCA-in nümayəndələri ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Türkiyə Regional Mərkəzinin rəhbəri Filiz Demiröz, Türkiyə Regional Mərkəzinin Bazarın İnkişafı və Genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun ilə görüş keçirilib. ACCA-i ilə əməkdaşlığın inkişaf etdirilməsi, əlaqələrin yeni müstəvidə qurulması, Assosiasiyanın fəaliyyət istiqamətləri üzrə məlumatlandırma məqsədilə təşkil olunan görüşdə BMU-nun İqtisadiyyat fakültəsinin müəllim heyəti, universitetin Maliyyə şöbəsinin əməkdaşları, eləcə də Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi iştirak edib.

Əvvəlcə qonaqlar BMU-nun yaranma tarixi, fəaliyyəti, həmçinin universitetin tələbə və məzunları üçün yaradılan üstünlük və imkanlar haqda ətraflı məlumatlandırılıb. Məzunların işlə təmin edilməsi üçün özəl və dövlət qurumları ilə qurulan əməkdaşlıq, eyni zamanda onların dünyanın tanınmış universitetlərində təhsillərini davam etdirməklə yanaşı, nüfuzlu şirkətlərdə çalışması yönündə atılan addımlar və s. bu kimi istiqamətlər üzrə BMU-da aparılan işlərdən də söz açılıb.

Sonra geniş təqdimatla çıxış edən Filiz Demiröz Assosiasiyanın yaranma tarixi haqda məlumat verib. Qeyd edib ki, dünyanın ən böyük mühasibat təşkilatı olan ACCA 179 ölkədə 227 min üzvü birləşdirir, qurumun sertifikat, eləcə də diplomları beynəlxalq şirkətlər tərəfindən tanınır və qəbul edilir.

ACCA kvalifikasiyası ilə bağı danışan Filiz Demiröz bildlrib ki, bu standartlar maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirir, həmçinin peşəkar bilik, bacarıqları formalaşdırır.

Ülgen Kıymık Coşkun isə Assosiasiyaya akkreditasiya prosedurları, ACCA-inin resurslarına çıxış, texniki imkanlar və s. haqda danışıb.

Görüşdə DİM və ACCA arasında əməkdaşlığın gücləndirilməsi və ali təhsil müəssisələri ilə qurulan yeni əməkdaşlıq əlaqələrinin faydalı olacağı qeyd edilib. Nəzərə çatdırılıb ki, BMU-da mühasibat uçotunun tədrisi ACCA-in tədris proqramına tam uyğunlaşdırılıb və tədris olunan dərs, imtahan sualları bu qurumun tələblərinə cavab verir. Ali təhsil ocağının bir çox tələbələri və məzunları ACCA üzvüdür və onların arasında qurumun imtahan sessiyalarında dünya, həmçinin Azərbaycan üzrə ilk yerləri tutanlar var.

Daha sonra görüş iştirakçıları rəy və təkliflərini səsləndiriblər, tərəflər arasında qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar BMU-nun Mexanika mühəndisliyi fakültəsinin laboratoriyaları ilə tanış olublar.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər