Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin ABŞ-ın Oklahoma Universitetinin professoru Xingru Vu ilə görüşü keçirilib.
Görüş universitetin təşəbbüsü və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı çərçivəsində baş tutub.
Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil üzrə mütəxəssisi Raminə Mürşüdova sözügedən ölkədə təhsil imkanları, o cümlədən magistr təhsili üçün təqaüd proqramları, proqramlara müraciət şərtləri haqda ümumi məlumat verib.
Sonra professor Xingru Vu ABŞ-da tətbiqi mühəndislik üzrə magistr təhsilini hədəfləyən auditoriya üçün düzgün magistartura proqramının seçilməsi, proqrama müraciət üçün müvafiq sənədlər toplusu ilə bağlı təqdimatla çıxış edib. Öz şəxsi təcrübəsini tələbələrlə bölüşən professor çıxışında karyera hədəflərinin və maraqlarının müəyyənləşdirilməsi, o cümlədən təhsilin növbəti pilləsində tədqiqat və laboratoriyalara yer ayrılması ilə bağlı müvafiq istiqamətlər verib.
ABŞ-da təhsil proqramlarının üstünlüyü və verdiyi imkanlar haqda danışan Xingru Vu, həmçinin Oklahoma Universitetində Neft və Geologiya Mühəndisləri Məktəbi barəsində də iştirakçılara ətraflı informasiyalar təqdim edib. Qonaq sözügedən məktəbin dünyanın ən yaxşı təhsil müəssisələri sırasında yer aldığını vurğulayıb.
Auditoriya ilə sual-cavab sessiyası şəklində davam edən görüşün sonunda qonaqlara hədiyyələr təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi