Universitet Avropa İttifaqının proqramı çərçivəsində icra olunan layihədə tərəfdaş kimi iştirak edir
Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “Vәtәndaşlar hәdәf müәyyәnlәşdirmә şәbәkәsindәn aktiv istifadә etmәk vasitәsi ilә yumşaltma yolları ilә hәrәkәt edir (CAMPAIGNers)” adlı HORİZON 2020 layihəsinin ilk toplantısında iştirak ediblər. Məlumat üçün qeyd edək ki, Avropa İttifaqının maliyyələşdirdiyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun rəhbərliyi ilə 2020-ci ildə qalib olduğu layihədə BMU ilk dəfə olaraq HORİZON 2020 proqramında tərəfdaş kimi iştirak etmək hüququ qazanıb.
Toplantının (7-8 iyun 2021-ci il) ilk günündə layihə rəhbəri Dr. Johannes Reichl tərəfindən layihənin 36 ay ərzində icra planı, qarşıda duran məqsəd və hədəfləri təqdim olunub.
Tədbirdə BMU-nun Sənaye mühəndisliyi kafedrasının müdiri Pərviz Həsənov, həmin kafedranın dosenti və layihənin BMU üzrə yerli koordinatoru İsa Qasımov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov və şöbənin baş mütəxəssisi Nərmin Ələkbərova, Mexanika mühəndisliyi kafedrasının baş müəllimi Orxan Hüseynov və layihənin digər tərəfdaşı olan “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin (İTE) əməkdaşı Əsmər Haşımlı fəal iştirak ediblər. Bununla yanaşı, iclasa layihənin tərəfdaşı kimi 14 xarici ölkənin (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) universitet, şirkət, bələdiyyə və ictimai təşkilat nümayəndələri də qatılıb.
A.Nəcimov BMU və onun beynəlxalq əlaqələri, icra olunan layihələr və cari layihədə iş planına uyğun olaraq görülməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında məlumat verib.
İ.Qasımov BMU-nun layihədə tərəfdaş kimi iştirakının vacibliyini vurğulayıb, həmçinin Azərbaycanda fəaliyyət göstərən 3 təşkilatın isə (AMEA Mərkəzi Elmi Kitabxanası, Sumqayıt Kimya Sənaye Parkı və Ekol Mühəndislik Xidmətləri QSC) rəsmi məktub ilə müraciət edərək layihə çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını iştirakçıların diqqətinə çatdırıb.
Sonra digər ölkələrin nümayəndələri təqdimatla çıxış ediblər.
Toplantının ikinci günü layihənin inzibati və 36 ay ərzində icra olunacaq fəaliyyət planları müzakirə olunub. Layihədə tərəfdaş kimi iştirak edəcək şirkət, bələdiyyə və ictimai təşkilatların əməkdaşlarının da məruzələri dinlənilib.
İclas iştirakçıları maraqlandıran sualların cavablandırması ilə yekunlaşıb.
Qeyd edək ki, 2021-ci ilin may ayından icra olunmağa başlayan layihənin məqsədi iqlim dəyişikliyinin insanlarda yaratdığı, onlara təsir edən və insan mərkəzli problemlərin çözülməsinə töhfə verməkdir. Cari layihə çərçivəsində insanların həyat tərzindəki dəyişiklik üçün əngəllər elmi-tədqiqat üsulları və təhlillər ilə aydınlaşdırılacaq, yeni həyat tərzi nümunələri innovativ həll yolları ilə müəyyən ediləcək və sınaqdan keçirələcək. Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq (mobile application) hazırlanacaq.
Bununla yanaşı, Avropa İttifaqının istifadə etdiyi modelləşdirmə vasitələri ilə həyat tərzindəki dəyişikliklərin parnik effektli qazlarına, regionun enerji və iqtisadiyyatına təsiri də araşdırılacaq. Bu işin görülməsi üçün mobil tətbiq hazırlandıqdan sonra istifadəsi zamanı dünyanın müxtəlif ölkələrindən insanlar prosesə cəlb olunacaq. İnsanlar həmin tətbiqdən istifadə edərək həyat tərzlərini onlara verilən tapşırıqlar əsasında dəyişdirə biləcək. Bu dəyişikliyin nəticələri isə məlumat kimi toplanacaq, həmçinin dünyanın digər ölkələrindəki insanlar üçün motivasiya vasitəsi kimi istifadə ediləcək. Layihə icra olunduğu müddətdə 5 qitənin 16 şəhərindən 15 milyon sakinin bu mobil tətbiqdən istifadəsi digər insanların da iştirakını təşviq edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi