Bakı Mühəndislik Universiteti (BMU) “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən “Qlobal Davamlı İnkişaf Konqresi”ndə iştirak edir. Ali təhsil ocağını konqresdə beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül və Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin müdiri Nərmin Ələkbərova təmsil edirlər.
İyunun 10-da başlayan tədbirdə dünyanın 100-dən çox ölkəsindən 3000-dən artıq qlobal lider və innovator “Davamlı inkişaf” ilə bağlı müzakirələrə qatılıb.
Konqres çərçivəsində Azərbaycan pavilyonunda BMU-nun stendi nümayiş olunur. Stenddə universitet haqqında dolğun məlumatlar (maddi-texniki baza, müasir laboratoriyalar, tədris olunan ixtisaslar), "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ali məktəbdə keçirilən tədbirlər və s. yer alır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə tədbirdə Azərbaycan ali məktəblərindən, həmçinin ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Dövlət, Naxçıvan Dövlət, Sumqayıt Dövlət universitetləri də iştirak edirlər.
Tədbirin iyunun 13-dək davam etməsi nəzərdə tutulur. İctimaiyyətlə əlaqələr şöbəsi