BMU Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

10 Oktyabr 2024
BMU Astanada keçirilən beynəlxalq forumda təmsil olunub

Qazaxıstanın paytaxtı Astana şəhərində VIII Mərkəzi Asiya Beynəlxalq Təhsil Keyfiyyətinin Təminatı Forumu keçirilib.

Müstəqil Akkreditasiya və Reytinq Agentliyi (IAAR) tərəfindən təşkil olunan  forum hər il dünyanın müxtəlif ölkələrinin  elm və təhsil xadimlərini bir araya gətirır.

Azərbaycandan Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Dövlət İmtahan Mərkəzi və bir sıra universitetlərin nümayəndələrinin qatıldığı forumda Bakı Mühəndislik Universitetini (BMU) Strategiya və Keyfiyyət İdarəetmə Mərkəzinin direktoru Sevil İmanova təmsil edib.

Avropa Ali Təhsildə Keyfiyyət Təminatı Assosiasiyasının prezidenti Duqlas Bləkstok, Avropa Keyfiyyət Təminatı Qeydiyyatının prezidenti Stefan Louvik, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova, nazir müavini Darxan Əhməd-Zaki, habelə bir sıra dövlət və sənaye qurumlarının rəhbərləri forumun açılışında iştirak ediblər.

Forumda təhsilin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin informasiya mühitində strateji inkişafı məsələləri geniş müzakirə edilib. Habelə ali təhsilin beynəlmiləlləşməsini diqqət mərkəzində saxlayan forumda universitetlərin birgə proqramlar vasitəsilə daha keyfiyyətli təhsil təklif etməsinin və tərəfdaşlıq əlaqələrini genişləndirməsinin vacibliyi diqqətə çatdırılıb. Müzakirələr zamanı, həmçinin süni intellektin təhsildə tətbiqinə geniş toxunulub, bu texnologiyanın potensialı, gələcəkdə təhsil prosesinə verəcəyi töhfələr və praktiki üstünlükləri barədə maraqlı çıxışlar dinlənilib. Xüsusilə, simulyasiya texnologiyalarının tibb təhsili sahəsində tətbiqi, kadr hazırlığının gücləndirilməsinə yönəlmiş addımlar geniş müzakirə olunub.

Sonda Mərkəzi Asiya və Avropa ölkələri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, təhsilin keyfiyyətinin təminatı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcək addımlarla bağlı  konkret mövqe ortaya qoyulub.    

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər