BMU alimlərinin “Scopus” nüfuzlu elmi nəşr platformasında uğurlu nəticələri

09 Dekabr 2022
BMU alimlərinin “Scopus” nüfuzlu elmi nəşr platformasında uğurlu nəticələri

Bakı Mühəndislik Universiteti (BMU) əməkdaşlarının dünyanın ən məşhur elmmetrik bazası olan “Scopus”da nəticələri daha da yaxşılaşmaqdadır. Görülən məqsədyönlü işlərin sayəsində hər il bu istiqamətdə müsbət dinamika qeydə alınıb. Belə ki, 2017-ci ildə universitetin “Scopus” bazasındakı nəşr sayı 10 olduğu halda, 2018-ci ildə 15, 2019-ci ildə 32, 2020 və 2021-ci illərdə isə ümumilikdə 71 olub.

Cari ilin 9 ayında BMU əməkdaşlarının nəşr sayı 30-dan çoxdur və hazırda dərc prosesində olan məqalələr nəzərə alınarsa, ilin sonuna bu sayın 50-yə yaxın olacağı proqnozlaşdırılır.

“Scopus” bazasında BMU adından nəşrlərin təsir əmsalı da hər il  kifayət qədər artmaqdadır. Son beş ildə nəşr olunan 158 məqalədən ən çox istinad alan 3 məqalə universitetin elmi işlər üzrə prorektoru, maliyyə kafedrasının dosenti Elçin Süleymanova məxsus olub. Onun dünyanın ən reytinqli 20 elmi jurnalı arasında və sahəsinin ən reytinqli top 1 faizində yer alan “Elsevier”in “Renewable and Sustainable Energy Reviews” jurnalındakı (“CiteScore” təsir faktoru 28.5) həmmüəllifi olduğu məqalə 105 istinadla birinci yerdə qərarlaşıb. Universitetin Sənaye mühəndisliyi kafedrasının müdiri, dos. Pərviz Həsənovun “Applied Mathematical Modelling” jurnalında (təsir əmsalı 8.5) nəşr olunan həmmüəlifi olduğu məqaləsi 64 istinadla ikinci yerdədir. İqtisadiyyat və idarəetmə kafedrasının dekanı, dos. Mayıs Əzizovun həmmüəllifliyi ilə “Environmental Science and Pollution Research” jurnalında (təsir faktoru 6.6) nəşr olunan məqalə isə 59 istinadla üçüncü yerdədir.

Məlumdur ki, Azərbaycanda elm və təhsilin inteqrasiyası və inkişafı istiqamətində aparılan islahatlar daim diqqət mərkəzindədir. Dünyada elmin, xüsusən də fundamental elmin inkişafı daha çox ali təhsil ocaqlarında aparılan tədqiqatlardan asılı olduğu üçün Azərbaycanda elm və təhsil siyasətinin birgə əlaqələndirilməsi müasir dövrün əsas tələblərindəndir. Ali təhsil müəssisələrinin tədrislə yanaşı, elmi-tədqiqat fəaliyyəti də onun missiyasının tərkib hissəsidir. Bu, eyni zamanda, universitetin reytinqinə təsir edən ən önəmli faktordur.

Elmi nəşrlərin akademik təsirini və ona edilən sitatları ölçən, ölkənin və universitetin dünya elmindəki mövqeyinin hesablanmasında ən çox istifadə edilən ciddi elmmetrik bazalardan biri “Scopus” sistemidir. Məşhur “Elsevier” şirkətinə məxsus bu baza universitetlərin reytinqini müəyyənləşdirən ən əhəmiyyətli şirkətlər tərəfindən istifadə edilir. Bazada indekslənən elmi jurnallarda məqalə nəşri ölkənin elmi çəkisinin artmasına əhəmiyyətli töhfədir. Vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin inkişafı üzrə müəyyən olunan istiqamətlərdən biri kimi təsir əmsalı olan elmi jurnalllarda ölkə üzrə nəşr sayının 40 faiz artırılması hədəflənməkdədir. Bundan başqa, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində fəaliyyət göstərən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun yol xəritəsinin icrasında da əsas istiqamətlərdən biri “Scopus” və “Web of Science” sistemində Azərbaycandan olan nəşr sayının artırılmasıdır.

BMU-da bu istiqamətdə görülən işlər məqsədli və daimi xarakter daşıyır. Hər il universitetin Elmi işlər üzrə prorektorluluğun təşkilatçılığı ilə əməkdaşların “Scopus”, “Web of Science” və digər beynəlxalq elmi jurnallarda məqalələrinin işıq üzü görməsi istiqamətində bilik və təcrübələrinin artırılması, eləcə də “Ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalarda korporativ profillərinin, fərdi səhifələrinin yaradılması” mövzusunda təlimlər verilir, həmçinin bu bazalarda nəşrləri olan əməkdaşlar mükafatlandırılır.

Hazırda “Scopus” jurnallarında BMU adından nəşr olunan məqalələrin sahələr üzrə ilk beşliyi aşağıdakı kimidir:

Qalareya şəkilini seçin

Ən məhsuldar BMU alimləri isə elmi işlər üzrə prorektor, dos. Elçin Süleymanov, İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşı, i.ü.f.d. Xətai Alıyev, Kimya mühəndisliyi kafedrasının müdiri Yusif Abdullayev və həmin kafedranın dosenti, kimya elmlər doktoru Rəvan Rəhimovdur.

Bundan başqa, prorektor E.Süleymanov “Web of Science” və “Scopus” sistemində indekslənən, 20-yə yaxın elmi jurnalda nəşr olunan 70-ə yaxın məqalənin rəyçisi olub və ona  “Excellent reviewer” statusu verilib. Bu göstərici ilə də o, Azərbaycandan olan elm adamları arasında üçüncü yerdədir.

Qalareya şəkilini seçin

Qalareya şəkilini seçin

Qalareya şəkilini seçin

 Qalareya şəkilini seçin

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər