BMU aliminin Azərbaycan xanlıqları dövrünə aid monoqrafiyasının təqdimatı olub

16 Oktyabr 2024
BMU aliminin Azərbaycan xanlıqları dövrünə aid monoqrafiyasının təqdimatı olub

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının professoru Abbas Seyidovun “Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquq sistemi, pul dövriyyəsi və sikkə zərbi” adlı monoqrafiyasının təqdimatı keçirilib.

Açılış nitqi ilə çıxış edən kafedranın müdiri Hümeyrə Mustafayeva monoqrafiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin əsas hissəsini təşkil edən xanlıqlar dövrünün araşdırılması, tarixi faktların üzə çıxarılması olduqca vacibdir. Xüsusilə də uzun illər erməni işğalçıları tərəfindən dağıdılmış tarixi abidələrimizin yenidən araşdırılması və gənc nəslə çatdırılmasına böyük ehtiyac var. Hümeyrə Mustafayeva bu baxımdan monoqrafiyanı faydalı mənbə kimi qiymətləndirib. 

Sonra monoqrafiyanın müəllifi, professor Abbas Seyidov Azərbaycan xanlıqları dövrünü əhatə edən tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində Azərbaycan ərazisində 20-dən artıq xanlığın mövcud olduğunu deyərək, xanlıqların dövlətçilik rəmzləri, inzibati idarəçilik və hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbinə dair yeni, lakonik, eləcə də ümumiləşdirilmiş materialların monoqrafiyada öz əksini tapdığını sözlərinə əlavə edib.  

Digər çıxış edənlər Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi baxımından nəşrin önəminə diqqət çəkib, eyni zamanda kitabın tələbələr, tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar. O da bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən monoqrafiyaya müxtəlif muzeylərdə nümayiş olunan bayraq, şeşpər və digər əşyalarla yanaşı, kolleksiyaçı R.Rzayevin 50 ildən artıq topladığı və xanlıqlar dövrünə aid gümüş, həmçinin misdən hazırlanmış seçmə numizmatik materiallar daxil edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər