Bu gün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinin açılışı olub.
Açılış mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul olunub və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.
C.Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini fikirlərinə əlavə edib.
Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk ölkələrimiz arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirib.
Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi