BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24 Dekabr 2024
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asan Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.

Azərbaycan Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə ötən həftə BMU-da keçirilən görüş və müzakirələrdə iştirakdan, ali məktəbin müasir laboratoriyaları, Texnoparkı ilə tanışlıqdan, həmçinin göstərilən qonaqpərvərlikdən məmnun qaldığını bildirən Habip Asan universitetin akademik mühitinin, tələbələrin innovativ yanaşmalarının onda müsbət təəssürat yaratdığını qeyd edib.

“Tanış olduğum istedadlı gənc ixtiraçılar məni xüsusilə heyran etdi. Tələbələrin həvəsi, yaradıcılığı və işgüzar ruhu ondan xəbər verir ki, universitetlər innovatorların gələcək nəslinin yetişdirilməsində əsas rol oynayırlar. Əminəm ki, Bakı Mühəndislik Universiteti parlaq ağılların ortaya çıxması üçün təqdirəlayiq fəaliyyətində davam edəcək, Azərbaycan və ondan kənarda bilik ötürülməsini təşviq edərək, nəticədə davamlı inkişafın təminatına yardımçı olacaq”-deyə BMT rəsmisi məktubunda vurğulayıb.

Habip Asan daha sonra ÜƏMT-nin BMU-nun təşəbbüslərini Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq vasitəsilə dəstəkləməyə hazır olduğunu, eləcə də universitetlə konstruktiv dialoqun davamına inamını ifadə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər