Təhsil Nazirliyinin müvafiq məktubuna uyğun olaraq Bakı Mühəndislik Universitetində (BMU) tədris, təlim-tərbiyə prosesinin vaxtı uzadılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Bunu nəzərə alaraq, həmçinin təhsil proqramlarının icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərlərinə məktub ünvanlanıb.
Məktuba uyğun olaraq, BMU-da buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək. İmtahan sessiyasına ayrılan həftələrin sayı isə 5 deyil, 4 həftə müəyyən edilib va 15 iyun -13 iyul tarixlərində keçiriləcək.
Sonuncu kurs tələbələrinin təlim müddətinin başa çatdığı, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməyəcək, yəni dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonuna qədər aparılacaq. Pedaqoji ixtisaslar üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına va burada dərslər iyun ayının 15-nə qədər davam etdiyinə görə) iyun ayının 15-nə qədər davam etdiriləcək va dövlət attestasiyası iyun ayının 15-dən iyul ayının 13-nə qədər aparılacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi